Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:19

Şərqi Avropada ilk Amerika bazası


Səs: Real audio
Mətbuat Şurasının buna dair tövsiyələri var Azərbaycanda Amerika bazası ola bilsin ki, heç olmasın. Amma...



Amerika Şərqi Avropa ölkəsində – keçmiş Sovet blokuna daxil olmuş ölkədə ilk dəfə olaraq hərbi baza yaradır. Söhbət Rumıniyadan gedir.



Amerika əsgərlərinin yerdəyişməsi hələ ötən il prezident Buş tərəfindən irəli sürülən planda əks olunub. Bu plan Almaniyada və Avropanın bəzi yerlərindəki on minlərlə Amerika əsgərinin şərqə doğru, daha kiçik, çevik bazalara köçürülməsini, və ya geriyə – Birləşmiş Ştatlara qayıtmasını nəzərdə tutur.



Amerika hazırda Qırğızıstanda bir bazadan istifadə edir, Özbəkistandakı bazanı isə boşaltmaq ərəfəsindədir. Birləşmiş Ştatların Orta Asiyada baza saxlamaq iddiası üç məqsədlə izah olunur. Birincisi, Birləşmiş Ştatlar bu məkandan Taliban və "əl-Qaidə" yaraqlılarına qarşı əməliyyatlarda istifadə etmək istəyir. Eyni zamanda Çin və Rusiyaya göstərir ki, Orta Asiya Amerikanın nüfuz dairəsinə aiddir. Daha bir məqsədin isə Rusiyanı mühasirəyə almaq olduğu bildirilir, çünki sonuncu hələ demokratiyanın və Qərbin dostu olduğunu sübut etməlidir.



Vaşinqtondakı Brukinqz İnstitutundan Ceymz Qudbay "Azadlıq" radiosunun müxbiri Endru Taliyə deyib ki, Putin Qərbin bu mühasirə strategiyasına cavab verməyə hazırdır. O, Çin və Orta Asiya və Qafqazdakı digər keçmiş Sovet respublikalarıyla əlaqələri gücləndirir.



"Putinin əsas narahatlığı "yaxın xaric" adlandırdığı məkandandır. Putin bunu görür və Moldova, Gürcüstan, Azərbaycan da daxil olmaqla regionu sabitləşdirməyə çalışır. Bu regionlarda məsələn, ATƏT-lə əməkdaşlıq zəifdir. Məncə, Rusiya bu məsələdə daha qətiyyətli olacaq, çünki burada Rusiyanın geosiyasi maraqları mövcuddur. Eyni zamanda sərhədləri boyu Amerikanın fəallığına cavabdır".



Ceymz Qudbay Amerikanın hərbi maraqları baxımından Azərbaycanın Rusiya üçün də maraqlı olduğunu deyir.



Hazırda Azərbaycanda Amerikanın radar stansiyaları fəaliyyət göstərir, onlar dənizdə kütləvi qırğın silahları, narkotiklər, şübhəli yaraqlıları daşıyan gəmiləri axtarırlar. Bunlar ABŞ-ın Xəzərin mühafizəsi proqramı çərçivəsində həyata keçirilir. Bu vaxtacan Vaşinqton Azərbaycanın dəniz- sərhəd postunun müasir radar sistemi ilə təminatına 30 milyon dollar sərf edib və daha 135 milyon dollar ayırmağı planlaşdırır.



Amerikanın müdafiə naziri Donald Ramsfeld Bakıya səfərləri zamanı vurğulayıb ki, məsələ heç də Azərbaycanda baza yaratmaq yox, mobil qüvvələr əldə etməkdir. Parlament seçkisindən əvvəl Donald Ramsfeldin Bakıya gələcəyi barədə məlumatlar yayılsa da, bu, təsdiqlənmədi.



Pentaqonun nümayəndə heyəti bu yaxınlarda Bakıda səfərdə olub. Ancaq bu ölkənin Azərbaycandakı səfiri Rino Harniş yerli televiziyalara müsahibəsində bildirib ki, Bakıda keçirilən görüşlərdə bazalar məsələsi ümumiyyətlə, qaldırılmayıb.



"FAR Centre" İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadəyə görə, Azərbaycanda Amerikanın müəyyən infrastrukturu yaranıb. Yəni söhbət mobil qüvvələr, anbar və aerodromlardan gedir:



"Burada, o cümlədən Nasosnıda, Naxçıvanda Amerika əsgərləri üçün 5 aerodrom düzəldilib. Yəni ki, ucu qoyulub. Konkret baza Azərbaycanda ola bilsin ki, heç olmasın. Amma Amerika bu infrastrukturu biraz gücləndirməklə öz məsələsini həll edə bilər."



Hikmət Hacızadə deyir ki, Azərbaycan baza məsələsində qonşu Rusiya və İranı da nəzərə almalıdır. Ancaq güc nisbətinin Birləşmiş Ştatların xeyrinə olduğundan nəzərə alsaq, həm Azərbaycan, həm də Rusiyaya təzyiq qaçılmazdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG