Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:32

İqtidara daha bir şans!


Səs: Real audio
Dimitri Rupel deyib ki, sabit Azərbaycan Dağlıq Qarabağdakı dondurulmuş münaqişənin nizamlanmasına real imkan verir Yerli ekspertlər 6 noyabr seçkilərinə beynəlxalq rəyin yumşaq olmasını belə dəyərləndirirlər



Yerli ekspertlərə görə, böyük dövlətlərin Azərbaycandakı seçkilərə kəskin reaksiya bildirməməklə iqtidara siyasi, iqtisadi islahatlar aparmağa daha bir imkan verirlər. Yəni yuxarıdan gələn islahatlar yolu davam edəcək.



Seçkidən qabaq müxalifət deyirdi ki, siyasi dəyişikliklərə sosial sifariş var, yəni siyasi dəyişiklik istəyən çoxdur. Hakimiyyət isə həm seçkidən qabaq, həm də sonra deyir ki, siyasi dəyişikliyə heç bir ictimai sifariş yoxdur.



Bakıda rəyini soruşmağa cəhd etdiyimiz vətəndaşların əksəriyyəti ya bu məsələnin onlar üçün maraqlı olmadığını, ya da ümumiyyətlə, bu barədə danışmaq istəmədiklərini dedilər. "Vaxtım yoxdur" deyib sualımızdan yayınanlar da az olmadı.



Danışmaq istəyənlərin məsələyə münasibəti isə müxtəlifdir. Vətəndaşların bir qrupu islahatların əsasən sosial sahədə aparılmasını vacib sayır. Həmsöhbətlərimiz arasında siyasi islahatlara ehtiyac görməyənlər də oldu. Bəzilərisə siyasi islahatları indiki iqtidarın aparmasını məqsədəuyğun saymadığını bildirdi.

Müsahiblərimiz arasında hakimiyyətin dəyişməsini zəruri hesab edənlər də tapıldı.



Milli Məclisin YAP-dan olan üzvü, politoloq Mübariz Qurbanlı isə deyir ki, siyasi islahatlar həmişə sosial sifariş olub. Bunu istəməyənlər ola bilsin ki, onun mahiyyətini düz anlamasınlar. Yəni siyasi islahatları hakimiyyət dəyişikliyi kimi başa düşdükləri üçün rəyi soruşulanlar ona ehtiyac olmadığını bildirsinlər. Əslində isə Azərbaycanda islahatların dərinləşməsi əhalinin böyük əksəriyyətinin istəyidir.



Mübariz Qurbanlının sözlərinə görə, inqilablar da adətən islahatların aparılmadığı ölkələrdə baş verir.



Politoloq deyir ki, təbiətdə olduğu kimi cəmiyyətdə də dəyişmək, yeniləşmək zəruri bir prosesdir. Bu, ölkənin iqtisadi durumundan, coğrafi və dünya düzənində tutduğu mövqedən asılı deyil. İslahatlar aparılan ölkələrdə hər şey vaxtında həll edildiyi üçün onlar böyük dağıntılardan və qarşıdurmalardan yan keçə bilir, cəmiyyət irəli gedir. Prezident İlham Əliyevin apardığı işlər də ölkədə islahatların sürətlənməsinə yönəlib.



«Turan» informasiya agentliyinin eksperti Zəfər Quliyev isə hesab edir ki, ölkədə islahatların aparılmasına inam yoxdur. Qəlbində hamı islahata meyllidir və cəmiyyət dəyişiklik istəyir. Ancaq vətəndaşların islahatlar haqda bu cür müxtəlif düşünmələrinə səbəb də əsasən onların inamsızlığından irəli gəlir. Parlament seçkilərindən sonra əhali artıq nəyinsə dəyişə biləcəyinə ümidini itirib.



Ekspertin fikrincə, əgər bu sorğu parlament seçkilərindən əvvəl aparılsaydı, cavab başqa cür alınardı. Çünki həmin vaxt cəmiyyətdə nəyinsə dəyişiləcəyinə ümid var idi. Ancaq seçkilərdə baş verənlərdən sonra əhali indiki hakimiyyətin hansısa siyasi islahatlar aparacağına inanmır.



Zəfər Quliyev əlavə edir ki, rəyi soruşulanların bir hissəsinin dəyişiklik istəməməsinin bir səbəbi də insanların "siyasi islahatlar" məfhumunun arxasında nəyin dayandığını bilməməsi də ola bilər.



«Turan»ın eksperti deyir ki, siyasi islahatlar çox əhatəli bir mövzudur. Buraya səlahiyyətlərin bölgüsü, hakimiyyətin özündə kadr dəyişikliyi və s. məsələlər daxildir.
XS
SM
MD
LG