Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:10

ABŞ səfiri dekabrın 7-də müxalifətçilərlə görüşəcək


Səs: Real audio
Birləşmiş müxalifət seçkinin nəticələri ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyə hazırlaşır ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş dekabrın 7-də «Azadlıq» seçki bloku və Milli Birlik Hərəkatının rəhbərliyi ilə görüşəcək. AXCP sədri Əli Kərimli deyir ki, görüş təşəbbüsülə səfir çıxış edib. Bu görüşdə onlar cənab Harnişlə açıq və prinsipial söhbət aparmaq niyyətindədirlər. Ə.Kərimlinin sözlərinə görə, Birləşmiş Ştatlar Dövlət Departamentinin və səfirliyin Konstitusiya Məhkəməsinin qərarını alqışlaması onları təəccübləndirib və görüş zamanı rəsmi Vaşinqtonun bu mövqeyinə aydınlıq gətirməyə çalışacaqlar.



Birləşmiş Ştatların parlament seçkisinə münasibətdə demokratiya prinsiplərindən geri çəkilməsi barədə müxalifət dairələrində səslənən ittihamlara cavabında Rino Harniş deyib ki, onlar yenə də demokratiyaya fəal diqqət yetirməkdə davam edəcək: «Gələn il də Azərbaycanda demokratiyanı yaxşılaşdırmaq üçün hökumətə qanunvericilik, vətəndaş cəmiyyəti quruculuğu üzrə bütün prosedurların təkmilləşdirilməsində kömək etməyə çalışacağıq».



Bu arada «Azadlıq» bloku, Milli Birlik Hərəkatı və Milli İstiqlal Partiyası Avropa Şurasının (AŞ) rəhbərliyinə müraciət etmək niyyətinə düşüb. Bu haqda jurnalistlərə blokun dekabrın 6-dakı toplantısından sonra məlumat verən Əli Kərimli dedi ki, onlar AŞ-ı Azərbaycan parlament nümayəndə heyətinin mandatını tanımamağa çağıracaqlar.



Bundan başqa, birləşmiş müxalifət seçkinin nəticələri ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə də müraciət etməyə hazırlaşır. Bununla bağlı İşçi Qrupu yaradılacaq və hüququ pozulmuş deputatlığa namizədlərin şikayətləri qanunun tələblərinə uyğun hazırlanaraq ən yaxın müddətdə sözügedən məhkəməyə göndəriləcək.



AXCP sədri bəyan etdi ki, Bakı Şəhər İcra Hakimiyyəti onların dekabrın 10-da keçmiş «Qələbə» kinoteatrı qarşısında mitinq keçirmək müraciətinə müsbət cavab verməsə, müəyyən mərhələdə razılaşdırlmamış aksiyalar gündəmə gələcək. Amma konkret şənbə günü atacaqları addım haqda qəti qərar verməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG