Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:29

Elmar Məmmədyarov: «Səbrimiz tükənir»


Səs: Real audio
Vardan Oskanyan isə "Azərbaycan oz vətəndaşları hesab etdiyi adamlara qarşı zor işlətməklə onlar üzərində mənəvi haqqını itirib" - deyib Bakı Ermənistan rəhbərliyinin son zamanlar Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan birbaşa bəyanatlarından dərindən narahatdır. Bu barədə dekabrın 5-də Lyublyanada ATƏT-in Nazirlər Şurasının 13-cü toplantısında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.



Cənab Məmmədyarov deyib: “Yaranmış vəziyyət bizi heç bir yana aparmır, səbrimiz isə tükənir. Nəticədə isə hədə dolu bəyanatların sayı artır”.



Nazir ATƏT-i öz zonasındakı münaqişələrin həllini təşkilatın əsas prioritetinə çevirməyə çağırıb.



Azərbaycan torpaqlarının işğalını beynəlxalq qanunların pozulması kimi qiymətləndirən E.Məmmədyarov bildirib ki, yaranmış status kvo yalnız gərginliyin artmasına gətirəcək, sülh danışıqları üçün imkanları köklü şəkildə azaldacaq. Onun sözlərinə görə, Dağlıq Qarabağın statusu etnik təmizlənməyə əsaslanmayan, qanuni, dinc və demokratik proses çərçivəsində həll oluna bilər. Bu status yalnız Dağlıq Qarabağda yaşayan azərbaycanlı və erməni icmasının maraqlarının bərabər şəkildə nəzərə alınması şərtilə müəyyən edilə bilər. Bütün bunların mümkün olması üçün əsas şərt isə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsidir.



Elmar Məmmədyarov bəyan edib ki, Ermənistan qoşunları işğal edilmiş torpaqlardan çıxarılandan sonra hər iki tərəf üçün nəqliyyat dəhlizləri açılacaq. Səmərəli sülh naminə, Laçın bölgəsindəki dəhliz azərbaycanlılar və ermənilər tərəfindən hər iki istiqamətdə istifadə ediləcək.



“Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması və azərbaycanlı əhalinin bu torpaqlara qayıtması, sülh və sabitlik mühitinin yaradılması, ermənilər və azərbaycanlıların dinc yaşaması üçün aralarında inam və etibarın inkişaf etdirilməsi – Azərbaycan və Ermənistan arasında münaqişənin dinc həllinin əsas vəzifələri olmalıdır”- deyə, nazir bildirib.



“Dağlıq Qarabağ münaqişəsi prinsiplər arasında münaqişə deyil, bu, insanların öz müqəddəratı uğrunda mübarizədir”. Bu sözləri isə dekabrın 5-də Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyan Lyublyanada ATƏT-in Nazirlər Şurasındakı toplantısında bildirib.



Şərqi Timur, Kosovo və digər münaqişələri misal çəkən cənab Oskanyan Dağlıq Qarabağ üçün öz müqəddəratını özünün həll etməsi hüququnun tanınmasına çağırıb.



Nazir bildirib ki, Azərbaycan Dağlıq Qarabağ üzərində heç bir nəzarətə malik deyil və son 15 ildə Qarabağ suverenliyin bütün atributlarına nail olub.



“Birincisi, Dağlıq Qarabağ Azərbaycandan leqal şəkildə ayrılıb. İkincisi, mübahisəli ərazi heç vaxt müstəqil Azərbaycanın hüquqi tabeçiliyində olmayıb. Üçüncüsü, Azərbaycan oz vətəndaşları hesab etdiyi adamlara qarşı zor işlətməklə onlar üzərində mənəvi haqqını itirib. Və ən əsası, bu gün Dağlıq Qarabağın seçkilər keçirməyə, öz xalqını idarə etməyə, sərhədləri qorumağa və xarici əlaqələr aparmağa qadir olan de-fakto siyasi reallığı var”- deyə, Oskanyan vurğulayıb.
XS
SM
MD
LG