Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:23

Seçki Avropa ilə Amerikanı da ayırdı


Səs: Real audio
Potensial zorakılıq olan aksiyalarda belə... Avropa Şurasının (AŞ) Azərbaycanda olan nümayəndə heyəti deyir ki, məntəqələrin 43 faizində səssayma ya pis olub, ya da çox pis. Amerika səfirliyi isə Konstitusiya Məhkəməsinin seçkinin nəticələrini təsdiqləmiş qərarını bəyənir



Politoloq Leyla Əliyeva bildirir ki, seçkilə bağlı ABŞ-la Avropanın reaksiyalarının bir-birindən fərqlənməsinin əsas səbəbi Birləşmiş Ştatların bu məsələdə öz maraqlarından çıxış etməsidir. Avropa isə məsələyə sırf seçki nöqteyi-nəzərindən yanaşır. İkitərəfli münasibətlərdə neft amilinin təsiri olsa da, çoxtərəfli yanaşmada Avropa neft və digər maraqlardan azaddır. Burada söhbət sadəcə, əməkdaşlıqdan yox, inteqrasiyadan gedir.



Xanım Əliyevanın fikrincə, neft, mövqe uğrunda Rusiya ilə rəqabət, təhlükəsizlik sahəsində maraqlardan ABŞ azad olmadığı üçün məsələyə yanaşma da fərqlidir. O, bildirir ki, ABŞ-da siyasi qərarlar müxtəlif maraqların daşıyıcısı olan qrupların mübarizəsinin nəticəsinə uyğun qəbul edilir.Politoloqun fikrincə, seçkiyə verilən qiymət də neft lobbisinin qalib gəldiyini təsdiqləyir. Ancaq əlbəttə ki, Azərbaycanda sabitlik məsələsi də bu maraqlar sırasındadır.



Politoloq Rasim Musabəyov isə deyir ki, Avropa Şurası seçkilə bağlı özünü kifayət qədər sərbəst aparır və məsələyə tənqidi yanaşır. Çünki onun fəaliyyətinin arxasında real heç nə yoxdur. Ona görə də bu qurum prinsipiallıq nümayiş etdirməkdə daha sərbəstdir. ABŞ-dan səslənən bəyanatlar isə icra hakimiyyətinin reaksiyasıdır. Bu reaksiya həmişə praqmatik olub. Yəni, Birləşmiş Ştatlar adminstrasiyası reallıqları nəzərə alaraq reaksiya verir. Hazırki reallıq isə bu iqtidarın güclülüyündən və istəyinə nail olmasından ibarətdir. Belə olan halda ABŞ-ın Azərbaycana qarşı hansısa sərt bəyanat verməsi o deməkdir ki, həmin reaksiyanın arxasınca konkret qərarlar gəlməlidir. Bu isə münasibətlərin kəskinləşməsinə gətirib çıxaracaq. Politoloqun fikrincə, əks halda boş bəyanatlar vermək Birləşmiş Ştatların özünü nüfuzdan salardı.



Cənab Musabəyov əlavə edir ki, ABŞ-ın məlum reaksiyası Azərbaycanda sabitliyin qorunmasına hesablanmayıb. Hətta ABŞ sərt reaksiya versəydi belə, ölkədə sabitlik pozulmayacaqdı. O, deyir ki, bu bəyanatları neft maraqlarına bağlamaq da düz deyil. Əgər neft olmasaydı, yenə də ABŞ-ın bəyanatı kəskin şəkildə fərqlənməyəcəkdi.



Bəs bu qiymətlərin hansının Azərbaycanın yaxın gələcəyinə daha böyük təsiri olacaq?



Rasim Musabəyovun fikrincə, hər şey ölkə daxilində hansı addımların atılacağından asılı olacaq. Leyla Əliyeva isə bildirir ki, Amerika öz qiymətilə bu hakimiyyətə siyasi dəstək verdi. Beləliklə, o, eyni zamanda yuxarıdan aparılan islahatlara üstünlük vermiş oldu. Bunun təsiri təbii ki, olacaq. Ancaq hansı təsir, bu əlbəttə ki, sual altındadır.



Bu qiymətlərə ümumi yanaşmada isə, Rasim Musabəyovun fikrincə, fərq icra hakimiyyətləri ilə parlament qurumları arasında daha aydın görünür. Nəinki, Avropa ilə ABŞ-ın reaksiyası arasında. O, deyir ki, əslində, Avropa ölkələrinin icra hakimiyyətləri də bu məsələ ilə bağlı olduqca praqmatik davranırdılar. Onun sözlərinə görə, AŞ Nazirlər Komitəsinin yığıncağından Xarici İşlər naziri Elmar Məmmədyarov kifayət qədər ümidli qayıdıb. Orada da sərt reaksiya olmayıb.
XS
SM
MD
LG