Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:53

26 noyabr hadisələrini Xüsusi Komissiya araşdıracaq


Səs: Real audio
Meriya müxalifətin 3 dekabr aksiyası ilə baglı müraciətini hələ müzakirə etməyib Birləşmiş müxalifətin 26 noyabr yürüş-mitinqində baş verənləri Xüsusi Komissiya araşdıracaq. «Azadlıq» bloku və Milli Birlik Hərəkatının noyabrın 30-da hüquq-müdafiə təşkilatları ilə keçirdiyi görüşdə belə bir qərar verildi.



Ötən şənbə günü müxalifətin Bakı Şəhər İcra Hakimiyyətilə razılaşdırılmış yürüş-mitinqinin sonunda aksiyanın oturaq davam etdirilməsinə qərar verilib. Nəticədə polis mitinqçiləri dağıdıb, xəsarət alanlar və saxlananlar olub.



Hüquq müdafiəçisi Novella Cəfəroğlu saxlanma yeri dəqiq bilinməyən 17 nəfərlə bağlı Daxili İşlər naziri Ramil Usubova müraciət etdiklərini deyir.



«Azadlıq» bloku noyabrın 29-da mitinqdə saxlanan 17 nəfərin taleyindən narahatlığını bildirən bəyanat yayıb. Ancaq Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevin dediyinə görə, həmin müxalifətçilər Binəqədi, Nəsimi və Nərimanov rayonlarındakı müvəqqəti təcridxanalarda saxlanılırlar. Müxalifət nümayəndələri və hüquq müdafiəçiləri bu fikirdədirlər ki, 26 noyabrda baş verənlərə siyasi qiymət verilməlidir, bu, həm də insan haqlarının pozulması məsələsidir.



Hüquq müdafiəçisi Səidə Qocamanlı isə dekabrın 10-da Beynəlxalq İnsan Hüquqları Günüylə əlaqədar hüquq-müdafiə təşkilatlarının ümumrespublika forumunu keçirmək niyyətində olduqlarını bildirir. Həmin gün mitinq də keçirilə bilər.



AXCP sədri Əli Kərimlinin dediyinə görə isə, 26 noyabrdan sonra müxalifətin seçki saxtakarlığına etirazı yeni mərhələyə qədəm qoyub. Cənab Kərimli hesab edir ki, artıq beynəlxalq təşkilatlar Azərbaycanda baş verənlərə birmənalı münasibət bildirməlidir. O, Amerika səfirliyinin şənbə günü verdiyi bəyanatın birmənalı olduğunu, ancaq bir neçə gün sonra Dövlət Departamenti sözçüsünün seçki saxtakarlılarının araşdırılmasıyla bağlı müsbət işlər barədə dediklərini anlamadıqlarını bildirir.



Müsavat, AXCP və ADP-nin birləşdiyi «Azadlıq» bloku növbəti yürüş-mitinqi dekabrın 3-də keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Meriyanın məsul işçisi Zaur Ramazanovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, müraciət hələ müzakirə olunmayıb, təşkilatçılara uyğun cavab veriləcək.



Prezident Aparatı İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənov isə «Azadlıq» radiosuna müsahibəsində bildirmişdi ki, əgər 26 noyabr aksiyasındakı hərəkətlər təkrarlanarsa, mitinqlərə icazə verilməsi problemlə üzləşə bilər.



ADP sədrinin müavini Sərdar Cəlaloğlu isə bildirmişdi ki, növbəti etiraz aksiyası oturaq olmayacaq.
XS
SM
MD
LG