Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:53

Ekspertlərdən müxalifətə təklif


Səs: Real audio
Prezident Aparatının şöbə müdiri «insanları və polisi qarşıdurmaya sövq edən siyasətçilərin keçirmək istədikləri aksiyalara məhdudiyyət qoyula bilər» - deyir "Yubanmadan prezident seçkisinə hazırlaşın"



Müxalifət seçkinin nəticələrini tanımadığı vaxtda bu nəticələr MSK-dan keçdi, indi də Konstitusiya Məhkəməsindədir. 26 noyabr mitinqində müxalifət ilk dəfə olaraq meydanda qalmaq, prosesin belə gedişini dəyişmək istədi, bu da polis zorakılığı ilə üzləşdi. Polisin belə davranışını da öz növbəsində beynəlxalq aləm pislədi.



Müşahidəçilər hesab edirlər ki, bu oturaq aksiya ilə seçkisonrası vəziyyət bir qədər dəyişib. Yəni hadisələr az da olsa, müxalifətin xeyrinə cərəyan etməyə başlayıb.



Müstəqil ekspertlərdən Şahin Abbasov deyir ki, son həftələr Azərbaycandakı seçkilərlə bağlı beynəlxalq reaksiya tədricən yumşalmağa başlamışdı. Dinc aksiyanın polisin gücüylə yatırılması yenidən Azərbaycan hakimiyyətinin ünvanına tənqidlərin səslənməsinə səbəb olub.



Ancaq bununla belə, Şahin Abbasov hesab edir ki, bu dəyişiklik hakimiyyəti seçkilərin nəticələrinin ləğvinə və yeni seçkilər keçirməyə məcbur etmək üçün yetərli deyil.



«Azadlıq» bloku şənbə gününə növbəti bir aksiya təyin edib. Bloka daxil olan bütün partiyalar bu fikirdədirlər ki, aksiyanı şəhər rəhbərliyi ilə razılaşdırılmış qaydada keçirsinlər. Bununla belə, blokun seçki qərargahının rəhbəri Pənah Hüseyn deyir ki, şəraitin dəyişməsindən asılı olaraq yenidən oturaq aksiyalara qərar verə bilərlər.



Yeni Azərbaycan partiyasından Rəbiyyət Aslanova isə deyir ki, dinc kütləvi aksiyalar keçirmək müxalifətin hüququdur. Ancaq onlar yenə də razılaşdırılmamış kütləvi aksiyalar keçirmək istəyəcəklərsə, qanunun sərt üzü ilə qarşılaşmalı olacaqlar.



Eyni fikirləri Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da səsləndirib. Onun sözlərinə görə, əgər müxalifət qarşıdurma əhval-ruhiyyəsindən əl çəkməsə, onların aksiyalarına icazə verilməyə də bilər.



Müşahidəçilər hesab edirlər ki, müxalifət davamlı olaraq icazəsiz oturaq aksiyalar keçirmək gücündə deyil. Azərbaycan iqtidarı da Şevarnadze və Kuçma hakimiyyətlərindən fərqli olaraq buna imkan vermək niyyətində deyil. Müstəqil ekspert Şahin Abbasov deyir ki, indi müxalifətin əlində yeganə təsirli vasitə parlamentin işini boykot etməkdən ibarətdir.



Hərçənd parlamentin işini boykot etməklə də bağlı müxalifət düşərgəsində yekdil fikir yoxdur. Üstəlik, bir sıra ekspertlər hesab edirlər ki, lap yekdil fikir olsa da, bununla çox şeyə nail olmaq hələlik mümkün deyil. Onların fikrincə, müxalifət yubanmadan 2008-ci il prezident seçkisinə hazırlaşmağa başlamalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG