Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:09

«Azadlıq» bloku mitinqdə saxlanan 17 nəfərin taleyindən narahatdır


Səs: Real audio
«Boşşelf» Şirkətinin işçiləri də qısamüddətli tətil keçirdilər «Noyabrın 26-da mitinq zamanı saxlanan 17 nəfərin yeri məlum deyil». «Azadlıq» seçki bloku bununla bağlı Prezidentin İcra Aparatına, Baş Prokurorluğa, Mili Təhlükəsizlik, Daxili İşlər və Ədliyyə nazirliklərinə, eləcə də ATƏT-in Bakı Ofisinə, Avropa Şurasının Bakı Nümayəndəliyinə, Beynəlxalq Qırmızı Xaç Komitəsinə və Bakıda fəaliyyət göstərən diplomatik missiyalara müraciət edib.



Müraciətdə bildirilir ki, şənbə mitinqi zamanı 30 nəfərə inzibati həbs cəzası verilib, saxlanılanlardan 13-ü Qaraşəhər təcridxanasına aparılıb, 17 nəfərin yeri isə məlum deyil.



Blokun Mərkəzi Seçki Qərargahının katibi Fəhmin Hacıyev deyir ki, bu haqda onlara ziddiyyətli məlumatlar gəlməkdədir. Həmin məlumatlara görə, 17 nəfər qanunsuz olaraq Bakı Şəhər Baş Polis İdarəsinin və digər polis idarələrinin təcridxanalarında saxlanılır və onlara fiziki işgəncələr verilir. Cənab Hacıyevin qənaətincə, məqsəd işgəncə yolu ilə onlardan müxalifətin əlyehinə izahat almaq və ya hansısa sənədə imza atdırmaq ola bilər: «Yaxud həmin şəxslər aksiya zamanı ciddi xəsarət aldıqlarından hüquq-mühafizə orqanları onları ictimaiyyətdən gizlətmək istəyir».



«Azadlıq» bloku saxlanılan şəxslərə qarşı qanunsuz münasibətə yol verilməməsi üçün tədbir görülməsini tələb edir.



Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Sadiq Gözəlov isə blokun müraciətində səslənən fikirləri rədd etdi. Onun sözlərinə görə, saxlanılanlara işgəncə verilmir və onların yeri də gizlin deyil.



Prezident Aparatı İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənov isə bildirir ki, həmin şəxslər müvəqqəti saxlama təcridxanasındadırlar və məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluq araşdırma aparır. Cənab Həsənov bildirir ki, bu 17 nəfərlə bağlı zamanı çatanda hüquqi qərar veriləcək. O, əlavə edir ki, polisin mitinqi başa çatmamış dağıtması ilə bağlı məlumatlar da araşdırılır və baş verənlərə görə hər iki tərəfdən günahı olanlar məsuliyyətə cəlb olunacaqlar.



ATƏT-in Bakı Ofisinin əməkdaşı Ülvi Axundlu bildirir ki, müraciətlə bağlı araşdırma aparılır.



Rəsmi məlumatlara görə, şənbə mitinqi zamanı 25 nəfər saxlanılaraq 1 sutkadan 10 sutkayadək azadlıqdan məhrum olunublar. 46 polis isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.



«Azadlıq» blokunun məlumatına görə isə, aksiya zamanı 300 nəfərədək insan müxtəlif dərəcəli bədən xəsarəti alıb. 40-dan artıq şəxs saxlanılıb və 30 nəfərə inzibati cəza verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG