Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:10

ATƏT, «Human Rights Watch» və QHT-lər polis zorakılığını pisləyir


Səs: Real audio
Dekabrın 3-də növbəti etiraz aksiyası keçirmək üçün meriyaya müraciət edilib «ATƏT-in Bakı Ofisi müxalifətin noyabrın 26-da Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış icazəli mitinqindən sonra polisin aksiya iştirakçılarına qarşı güc tətbiq etməsindən dərin narahatlığını ifadə edir. Qurum hesab edir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətinə heç bir halda bəraət qazandırmaq mümkün deyil».



ATƏT-in Bakı Ofisinin noyabrın 28-də yaydığı bəyanatda belə deyilir.

Qurum ümid edir ki, son hadisələr sərbəst toplaşmaq azadlığını yenidən məhdudlaşdırmaqdan ötrü əsas kimi istifadə olunmayacaq.



Ofisin əməkdaşı Ülvi Axundlu deyir ki, son hadisələri ATƏT-in Uzunmüddətli Müşahidə Missiyasının iki üzvü də izləyib. Onlar müşahidələri haqda ATƏT-in Varşava Ofisinə məlumat da veriblər. O, baş verənlərin missiyanın yekun hesabatında əksini tapacağı haqda heç nə deyə bilməyəcəyini də sözlərinə əlavə edir.



ATƏT-in Bakı Ofisi həmçinin ümid edir ki, iqtidar-müxalifət dialoqu haqda səsləndirilən fikirlər yaxın zamanda müsbət nəticələnəcək.



«Hakimiyyətin dinc əhaliyə qarşı gücdən istifadəsi bizi çox narahat edir». «Human Rights Watch» Beynəlxalq İnsan Hüquqlarını Müdafiə Təşkilatının Cənubi Qafqaz üzrə nümayəndəsi Matilda Boqnerin isə noyabrın 26-da baş verənlərə reaksiyası belədir. Onun sözlərinə görə, aksiya zamanı qadınların və uşaqların döyülməsi insan haqları ilə bağlı beynəlxalq standartların pozulmasıdır.



Xanım Boqner bildirir ki, seçkidən sonra təmsil etdiyi qurumun verdiyi tövsiyələrdə Azərbaycan hökuməti beynəlxalq sənədlərə, eləcə də sərbəst toplaşmaq azadlığına riayət etməyə çağırılıb.



Matilda Boqner: «Hökumət sərbəst toplaşmaq azadlığını təmin etməyə borcludur. Ümidvarıq ki, beynəlxalq qurumlar da bu barədə Azərbaycan hökuməti ilə ciddi danışacaqlar».



Bu arada altı yerli hüquq-müdafiə təşkilatının birləşdiyi Monitorinq Qrupu (MQ) da seçkinin nəticələrinə dinc şəkildə etiraz edən yüzlərlə vətəndaşa qarşı hakimiyyətin zor işlətməsini qətiyyətlə pisləyib. Baş verənlərin monitorinqini aparan qurum bildirir ki, vətəndaşların sağlamlığına vurulan zərərə və beynəlxalq aləmdə Azərbaycanın nüfuzuna dəyən ziyana görə məsuliyyət iqtidarın üzərinə düşür.



MQ noyabrın 26-da baş verənlərin fotoşəkillərini Azərbaycan prezidenti İlham Əliyevə və beynəlxalq qurumlara göndərməyə hazırlaşır.



On QHT-ni birləşdirən Seçki Monitorinq Mərkəzi (SMM) də heç bir xəbərdarlıq edilmədən aksiyanın dağıdılmasından təəssüfləndiyini bidirir. Mərkəz baş vermiş hadisəni pisləyərək, bunu insan hüquq və azadlıqlarına təcavüz kimi qiymətləndirir. Qurum hesab edir ki, vətəndaşların və seçki bloklarının sərbəst toplaşmaq azadlığı təmin olunmalı, dövlət orqanları ölkədə siyasi gərginliyi artıran hər hansı addıma imkan verməməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG