Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:51

Polis müxalifətin oturaq aksiyasını dagıtdı<p align=`left`><br><br>


Səs: Real audio
Mitinqdə çoxlu sayda adam xəsarət aldı Noyabrın 26-da metronun «20 Yanvar» - Dövlət Film Fondunun (keçmiş «Qələbə» kinoteatrı) qarşısı marşrutu üzrə növbəti icazəli yürüş-mitinq keçirən müxalifətin aksiyası insidentlə başa çatdı. Mitinqdə çıxış edən AXCP sədri Əli Kərimli aksiyaçılara müraciət edərək, «mübarizəni necə davam etdirmək istəyirsiniz?» - soruşdu. Mitinqçilər isə, «oturaq, oturaq, çadırlar meydana!» dedilər. Cənab Kərimli isə, «siz bunu istəyirsinizsə, biz də bununla razıyıq, bundan sonra oturaq aksiyalara keçirik» - bildirdi. Milli Birlik Hərəkatının rəhbəri Lalə Şövkət Hacıyeva da Ə.Kərimlinin fikri ilə razı olduğunu söylədi. Bu zaman kənarda dayanan mülki və polis geyimli şəxslər aksiyaçılara hucuma keçdi. Hadisə yerində olan «Azadlıq» radiosu əməkdaşları çoxlu sayda mitinqçinin xəsarət aldığını bildirir. Onların arasında Liberal Partiyasının sədr müavini Əvəz Temirxan və AXCP sədri Əli Kərimli də var. Aksiyanı dağıdarkən itlərdən, su maşınlarından və dəyənəklərdən istifadə olundu.



Müsavat Partiyasının başqanı İsa Qəmbər «Azadlıq» radiosuna müsahibəsində dedi ki, hakimiyyət mitinqçilərin oturaq aksiya keçirmək cəhdini çox qəddarlıqda dağıdıb: «Qadın, uşaq, qoca bilmədən insanlara qarşı zorakılıq etdilər. Bununla da, iqtidar öz simasını bir daha ifşa etldi. Nə qədər qəddar, nə qədər xalqa zidd qüvvə olduğunu ortaya qoymuş oldu».



Cənab Qəmbər bildirir ki, «Azadlıq» bloku dinc formada mübarizə aparmaqda qərarlıdır. «Bu qərar dəyişməz olaraq qalacaq. Eyni zamanda, blok və müttəfiqlərimiz bəyan etdiyimiz məqsədlərə doğru, yəni seçkinin nəticələrinin ləğvi və yeni seçki keçirilməsi üçün dinc, ancaq ardıcıl mübarizəni davam etdirəcək» - deyə, o vurğuladı.



AXCP sədri Əli Kərimli də hadisələri «hakimiyyətin növbəti biabırçılığı» kimi dəyərləndirdi. Onun sözlərinə görə, polis xəbərdarlıq etmədən mitinqçilərə hücum edib. Cənab Kərimli əvvəlki aksiyalardaan fərqli olaraq bugünkü tədbirdə müxalifət rəhbərlərinin də zorakılığa məruz qaldığını bildirdi.



AXCP sədri bundan sonra da yürüş-mitinqlərin keçiriləcəyini sözlərinə əlavə etdi. O, «Azadlıq» blokunun nüvbəti aksiyasının dekabrın 3-nə təyin olunduğunu da bildirdi.



Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini Yaşar Əliyev isə baş verənləri mitinqçilərin polisin tələbinə tabe olmaması ilə əlaqələndirdi. Onun sözlərinə görə, aksiyanın təşkilatçılarından bir neçə dəfə yürüş-mitinqin vaxtının başa çatdığını və buna görə də tədbirin qurtarmasını tələb etsələr də, buna əməl edilməyib.



AXCP-dən «Azadlıq» radiosuna verilən məlumata görə, təkcə partiyanın mənzil-qərargahında 25 nəfərə tibbi yardım göstərilib. Səbayel Rayon 3 Saylı Təcili-Tibbi Yardım Stansiyasının həkimi deyilənləri təsdiqləyərək, bildirdi ki, yaralıların xəsarəti o qədər də ağır deyil.



AXCP-dən verilən məlumata görə, partiyanın sədr müavini Nəriman Qasımoğlunun həyat yoldaşı kəllə-beyin zədəsi ilə Travmatologiya İnstitutunun reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.



Müsavat Partiyasından isə on nəfərə yaxın partiya fəalının xəsarət aldığı bildirildi.



AXCP-nin Mətbuat Xidmətinin rəhbəri İshaq Əvəzoğlu deyir ki, partiyanın 400-ə yaxın fəalı polis tərəfindən saxlanıb.



BŞBPİ-nin rəis müavini Yaşar Əliyev isə, 29 nəfər müxalifətçinin saxlandığını bildirir. Onların arasında Liberal Partiyasının sədr müavini Əvəz Temirxan da var. Cənab Əliyev başqa şəxslərin də saxlanıla biləcəyini sözlərinə əlavə edir. Onun sözlərinə görə, hadisə zamanı 15-20 nəfər polis xəsarət alıb. Y.Əliyev altı nəfər mitinq iştirakçısının da xəstəxanaya müraciət etdiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG