Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:56

Ağcabədi və Biləsuvarda aclıq edənlərin səhhəti ağırlaşıb


Səs: Real audio
Nuşirəvan Məhərrəmli: «Reklam qaydalarını pozan televiziyalara bir daha xəbərdarlıq edilməyəcək» Seçki saxtakarlıqlarına etiraz olaraq Ağcabədi və Biləsuvarda aclıq edən müxalifətçilərdən bir neçəsinin səhhəti pisləşib.



ADP-nin Ağcabədi rayon təşkilatının sədri Tofiq Cəfərovun sözlərinə görə, aksiyaçılardan Zeynal Şükürov və Maqsud Səmədovun vəziyyəti kəskinləşdiyi üçün qərara alınıb ki, ikisi də aclığı dayandırsın və onları başqa müxalifətçilər əvəzləsinlər.



Biləsuvarda isə aclıq edən 14 nəfərdən biri - Nəriman Cəbiyevin səhhəti pisləşdiyindən xəstəxanaya götürülüb. Bu haqda məlumat verən aksiya iştirakçısı, 66 saylı Biləsuvar dairəsindən deputatlığa namizəd Mirzəkulla Zəki deyir ki, özünün və Almaz Məmmədovanın da səhhəti qənaətbəxş deyil. Gün ərzində xanım Məmmədova bir neçə dəfə huşunu itirib. Rayon Xəstəxanasının həkimi aksiya iştirakçılarını nəzarətdə saxlayaraq tibbi yardım göstərir.



Hər iki rayonun icra başçısı noyabrın 25-də aksiya iştirakçılarını aclığı dayandırmağa çağırıblar.



Amma ADP-nin Ağcabədi rayon təşkilatının sədri Tofiq Cəfərov deyir ki, tələbləri yerinə yetirilməyənədək, yəni seçki saxtakarlığında iştirak etmiş Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Fəxrəddin Həsənov istefaya getməyənə, 82 saylı Ağcabədi şəhər seçki dairəsinin nəticələri ləğv olunmayana və müxalifətin mitinqinə icazə verilməyənədək aclığı dayandırmaq niyyətində deyillər.



Ağcabədinin icra başçısı Fəxrəddin Həsənov isə noyabrın 27-də mitinqin keçirilməsinə rəsmi icazə verildiyini bildirsə də, yerdə qalan tələbləri həyata keçirmək iqtidarında olmadığını deyib.



Tofiq Cəfərov onu da bildirir ki, aclıq edənlər rayon prokurorluğuna çağırılır və onlara təzyiq edilir.



Ağcabədi rayon prokurorunun müavini Əsgər Bəkirov isə deyilənləri təkzib edir. Onun sözlərinə görə, sadəcə, noyabrın 27-də rayonda keçiriləcək mitinqlə bağlı qanun çərçivəsində davranmaları ilə bağlı müxalifətçilərə xəbərdarlıq olunub.



Ağcabədi rayonunda Müsavat və Demokrat partiyalarının rayon təşkilatlarının 10 üzvü noyabrın 24-dən aclıq aksiyasına başlayıblar.



66 saylı Biləsuvar dairəsindən deputatlığa namizəd Mirzəkulla Zəki isə deyir ki, son iki gündə Rayon Polis İdarəsi və İcra Hakimiyyətinin nümayəndələri aclıq edənlərin qohumlarına, yaxınlarına təzyiqləri gücləndirib. Onları idarəyə çağıraraq, yaxınlarını aclığı dayandırmağı tələb edirlər.



Biləsuvarın icra başçısı Adil Məmmədov isə deyilənləri təkzib edir. Bildirir ki, noyabrın 25-də aksiyanın dayandırılması haqda tərəflər arasında razılıq əldə olunub.



Cənab Zəki isə 66 saylı Biləsuvar seçki dairəsinin nəticələri ləğv olunmayana və «Azadlıq» blokunun mitinqindən sonra həbs olunmuş şəxslər azadlığa buraxılmayanadək aclığı dayandırmayacaqlarını bəyan edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG