Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:16

Deputatlığa namizədlər MSK qarşısında piket keçirdilər


Səs: Real audio
Başqa bir qrup namizəd isə müxalifət partiyalarını ölkədə gərginlik və qarşıdurma yaratmaqda ittiham edir Noyabrın 15-də seçki pozuntularıyla bağlı müraciətlərinə cavab ala bilmədiklərini deyən 30-a yaxın deputatlığa namizəd Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında piket keçirdi. Müxtəlif dairələri təmsil edən namizədlər arasında bitərəflər, «Azadlıq» seçki blokunu və Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edənlər var idi.



Aksiya icazəsiz olsa da, dinc şəraitdə keçdi. İştirakçılar heç bir şüar səsləndirmədilər, yalnız polis gediş-gəlişə mane olmamaq üçün iştirakçılara küçənin əks tərəfinə keçməyi təklif edəndə, mübahisə yarandı.



Təxminən yarım saatdan sonra MSK katibi Natiq Məmmədov etiraz edənlərdən birini - Fövqəladə Seçki Komitəsinin rəhbəri Mətləb Mütəllimlini qəbul etdi. Cənab Məmmədovun dediyinə görə, hazırda MSK-ya 500-dək müraciət daxil olub, 17 nəfərlik qrup onları araşdırır.



MSK-nın Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyevsə, şikayətlərə cavab verilməməsinin səbəbini onların sayının çox olmasıyla izah edir.



Noyabrın 15-də həmçinin YAP-ın təşkilatçılığı ilə başqa bir qrup deputatlığa namizəd bəyanat verərək, seçkinn şəffaf keçirildiyini bildirdilər. Onların arasında seçkiyə «Media-2005» blokundan qatılmış tarixçi alim Musa Qasımlı, hakim partiyanın siyahısından Səyyad Aran və müstəqil namizəd Səttar Səfərov da var idi. Bu namizədlər müxalifət partiyalarını ölkədə gərginlik və qarşıdurma yaratmaqda ittiham etdilər. Səyyad Aran deyir ki, namizədliyini irəli sürdüyü 79 saylı İmişli dairəsində seçicilər 1995-ci ildə parlamentə bitərəf, 2000-ci ildə YAP üzvünü, bu il isə müxalifətçini seçib: «Görünür, xalq müxtəlif siyasi baxışları sınağa çəkir».



Noyabrın 16-da isə ayrı-ayrı yerlərdə seçki saxtakarlığına bir neçə etiraz aksiyasının və parlament seçkisində hüquqlarının pozulduğunu deyən deputatlığa namizədlərin ümumrespublika forumunun keçiriləcəyi gözlənilir.
XS
SM
MD
LG