Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:06

Müxalifət etiraz aksiyalarını intensivləşdirməyi planlaşdırır


Səs: Real audio
Noyabrın 16-da seçkinin nəticələrindən narazı qalan bütün namizədlərin iştirakı ilə ümumrespublika toplantısı keçiriləcək «Seçkinin nəticələri ləğv olunmalı və yeni seçki keçirilməlidir». Bu, noyabrın 10-da «Azadlıq» və «Yeni Siyasət» seçki blokları, Milli Birlik Hərəkatı və bir qrup müstəqil namizədin keçirdiyi müşavirədə qərara alındı.



AXCP sədri Əli Kərimli noyabrın 12-nə təyin olunmuş yürüş-mitinqdən sonra növbəti aksiyaların intensivləşəcəyini bildirir: «İnqilabi dəyişikliklərin simvoluna çevrilmiş narıncı rəngi ölkədə geniş yaymaq lazımdır. Ən əsası isə Bakıdakı mitinqlərin intensivliyini və kütləviliyini artırmaqdır».



Müsavat Partiyasının başqanı İsa Qəmbərsə deyir ki, bir neçə dairədə nəticələrin ləğvi problemin həll deyil: «Hakimiyyət həm əvvəlki planına uyğun, həm də beynəlxalq təşkilatların təzyiqi altında bəzi dairələrdə nəticələri dəyişirsə, heç kimdə elə fikir yaranmamalıdır ki, biz öz yolumuzdan dönəcəyik. Bizim davamız bütövlükdə nəticələrin ləğvi və normal seçki keçirilməsidir. Barıtımız bir atımlıq deyilsə, qərarmız qətidirsə, uğura çatacağıq».



ADP sədrinin müavini Sərdar Cəlaloğlu da hər bir seçicinin, hər bir namizədin haqqı uğrunda mübarizə aparmasının zəruruliyini vurğulayır: «Həm bölgələrdə, həm də Bakıda ardıcıl, hər gün aksiyalar keçirmək qərarına gəlmişik. Artıq bu, ümumxalq hərəkatına çevrilib. Ona görə bu günkü müşavirənin nəticəsi olaraq Demokratik Cəbhə deyilən bir hərəkat təsis edilmiş hesab edilir».



Noyabrın 16-da isə seçkinin nəticələrindən narazı qalan bütün namizədlərin iştirakı ilə ümumrespublika toplantısının keçirilməsi planlaşdırılır.
XS
SM
MD
LG