Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:29

«Qurunun oduna yaş da yanır»


Səs: Real audio
Mitinqçilər tez-tez «Çadırlar meydana!» şüarları səsləndirirdilər "Bəzi hallarda nəticələr seçicilərin və ya namizədlərin hansısa qanunsuz hərəkətinə görə yox, məntəqə komissiyaları üzvlərinin protokollarda yol verdiyi səhvlərə görə ləğv olunur"



Seçkilərin nəticələrinin bəzi məntəqələrdə ləğv olunması təkcə pozuntularla və ya beynəlxalq aləmin təzyiqi ilə bağlı deyil. Bir çox iddialara görə, oyun hələ də davam edir. Bununla istədiklərini parlamentə keçirir və ya parlamentdən qıraqda saxlayırlar.



Vəkil Adil İsmayılov deyir ki, namizədliyini irəli sürdüyü Xətai 4-cü seçki dairəsinin bir sıra məntəqələrində naticələrin ləğv edilməsi vəziyyəti başqasının xeyrinə dəyişdi. Ona görə də bu üsulu nəticələri kimlərinsə ziyanına və ya xeyrinə dəyişmək üçün vasitə adlandırmaq olar.



Cənab İsmayılovun sözlərinə görə, nəticələrin ləğvinə qədər həmin dairədə liderlik eks-spiker, ADP sədri Rəsul Quliyevə məxsus olub. YAP–ın namizədi Səməd Seyidov isə ikinci yerdə imiş. 5 məntəqədə nəticələrin ləğvi Səməd Seyidovun qələbəsini təmin edib.



Adil İsmayılov deyir ki, nəticələr seçicilərin və ya namizədlərin hansısa qanunsuz hərəkətinə görə yox, məntəqə komissiyaları üzvlərinin protokollarda yol verdiyi səhvlərə görə ləğv olunub.



MSK katibi Natiq Məmmədov isə deyir ki, əgər protokollardakı qüsurlar vəziyyətin kimin xeyrinə olduğunu müəyyənləşdirməyə imkan vermirsə, o məntəqələrdə nəticələr ləğv edilir. Qanun belə tələb edir.



Adil İsmayılov isə deyir ki, protokollardakı qüsura görə nəticələri ləğv etmək seçicilərin hüquqlarını pozmaq deməkdir. Çünki onlar məntəqələrə gələrək səs veriblər. Hansısa komissiya üzvünün səhvinin ziyanını seçicilər və ya onların namizədi çəkməməlidir.



Onun sözlərinə görə, bu məsələ qanunda da nəzərə alınıb. Seçki Məcəlləsinin 107.6–cı maddəsində göstərilir ki, dairə seçki komissiyası məntəqə komissiyasının protokollunda səhvlər, uyğunsuzluqlar, yolverilməz düzəlişlər aşkar etdikdə, o, müvafiq məntəqədə səslərin yenidən hesablanması barədə qərar çıxara bilər.



Natiq Məmmədov isə deyir ki, seçici hüququnun pozulduğunu iddia etməkdə bəlkə də haqlıdır. Yəni o, haqlıdır yalnız öz səsinə nisbətdə. Ancaq ümumi nəticələrə nisbətdə o, haqlı deyil. Komissiya üzvlərinə gəlincə, onların səhvlərə yol verməsi halları var və bunlar araşdırılır.



Ümumiyyətlə, qanunun özündə nəzərdə tutulan elə şərtlər var ki, seçkinin şəffaflığını təmin etməyə yönəlsə də, əslində, həm də səsverməni pozmağa və ya nəticələri ləğv etməyə münbit şərait yaradır. Məsələn, Seçki Məcəlləsinə görə, əgər səslərin sayılması zamanı qutudan bir dənə artıq bülleten çıxırsa, həmin məntəqədə bütün nəticələr ləğv edilməlidir. Deməli, kimsə səsvermənin gedişində özünün uduzduğunu anlasa, o, tərəfdarı və ya hansısa bir seçici vasitəsilə bu üsuldan istifadə edərək nəticələrin ləğvinə nail ola bilər. Bunu isə kimin və hansı namizədin xeyrinə etdiyini aydınlaşdırmaq asan deyil. Belə missallar çox göstərmək olar.



Bu baxımdan, məntəqə komissiyalarının da protokolu bilərəkdən və ya səhvən düz tərtib etməməsini birmənalı olaraq səhv və ya təsadüf adlandırmaq qeyri-mümkündür.
XS
SM
MD
LG