Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:42

MSK iki dairədə nəticələri ləğv etdi


Səs: Real audio
31 saylı Suraxanı seçki dairəsindəki 28 məntəqədən 10-da da nəticələr ləğv olunub. Nəticədə AXCP sədri Əli Kərimli səs çoxluğu ilə önə çıxıb Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 8-də iki - 42 saylı Sumqayıt ikinici və 9 saylı Binəqədi seçki dairəsində nəticələri ləğv edib. MSK nəticələri araşdırmaq üçün Baş Prokurorluğa göndərib.



Eyni zamanda 31 saylı Suraxanı seçki dairəsindəki 28 məntəqədən 10-da da nəticələr ləğv olunub. Buna sözügedən məntəqələrdə protokolun düzgün tərtib olunmadığının əsas olduğu bildirildi. MSK sədri Məzahir Pənahovun sözlərinə görə, bundan sonra adıgedən dairədə «Azadlıq» blokunun həmsədrlərindən biri – AXCP sədri Əli Kərimli səs çoxluğu ilə önə çıxıb. İlkin məlumatlarda isə bu dairədən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Əli Qaraxanovun seçkidə qalib gəldiyi bildirilirdi.



Nəticələrin ləğv olunduğu 9 saylı Binəqədi və 42 saylı Sumqayıt seçki dairəsindən «Azadlıq» bloku Sərdar Cəlaloğlu və Flora Kərimovanın namizədliyini irəli sürmüşdü. İlkin məlumatlarda hakim partiyanın namizədləri İsrafil Əliyev və Hicran Hüseynovanın səs çoxluğu qazandığı deyilirdi.



MSK sədri Məzahir Pənahov deyir ki, onlara son iki gündə təxminən 65 şikayət daxil olub və bununla bağlı qurum hər gün iclas keçirərək müraciətləri araşdıracaq. Onun sözlərinə görə, noyabrın 9-da 8 saylı Binəqədi birinci, 29 saylı Səbayel və 110 saylı Zaqatala seçki dairələrinin nəticələri də araşdırılacaq. Bu dairələrdən «Azadlıq» bloku AXCP sədrinin müavini Həsən Kərimovun, Müsavat Partiyası başqanının müavinləri Arif Hacılı və Arzu Səmədbəylinin namizədliklərini vermişdi. İlkin nəticələrdə sözügedən dairələrdən YAP-ın namizədləri, Beynəlxalq Universitetin rektoru Elşad Abdullayev, Fuad Muradov və Hikmət Atayevin səs çoxluğu ilə öndə getdiyi bildirilirdi.



MSK-nın müxalifətdən olan üzvləri isə baş verənlərə görə həmin dairələrdə olan komissiya üzvlərinin cəzalandırılmasını tələb edirlər. Amma MSK sədri deyilənlərlə razılaşmır. Onun sözlərinə görə, 15 saat fasiləsiz işləyən komissiya üzvləri səhvə yol verə bilərlər.



Nəticələri ləğv olunmuş dairələrdə təkrar səsvermənin nə zaman keçiriləcəyi isə hələlik bilinmir. MSK sədri bunun iki ay ərzində baş tuta biləcəyini desə də, dəqiq vaxt söyləməyin tez olduğunu bildirir. Qurumun üzvü Ənvər Əliyev isə deyir ik, Baş Prokurorluq araşdırma apardıqdan və müvafiq qərar qəbul etdikdən sonra təkrar seçki keçirilə bilər.



«Şikayətlər araşdırıldıqca, seçkinin nəticələri bütünlüklə dəyişə bilərmi» - sualına Məzahir Pənahov belə cavab verdi: «Seçkinin nəticəsi hansısa dairədə dəyişə bilər. Amma ümumilikdə səsvermənin nəticəsi dəyişməz qalacaq».



Son iki gündə nəticələri elan olunmayan iki dairə üzrə də səs çoxluğu qazanmış namizədlərin adları artıq bəllidir: Onlar 57 saylı Kürdəmir seçki dairəsindən Fərhad Qəribov, 63 saylı Sabirabad seçki dairəsindən isə «Azadlıq» blokunun Seçki Qərargahının rəhbəri Pənah Hüseyndir.

Günün bütün mövzuları

XS
SM
MD
LG