Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:16

Rəsul Quliyevin nə vaxt qayıdacağı bilinmir


Səs: Real audio
Eks-spiker «Azadlıq» radiosuna müsahibəsində Azərbaycana dönməklə bağlı bütün variantlar üzərində iş apardığını deyir ADP sədri, eks-spiker Rəsul Quliyevin Azərbaycana nə vaxt dönəcəyi dəqiq məlum deyil. Partiyanın sədr müavini Sərdar Cəlaloğlu deyir ki, noyabrın 1-də cənab Quliyev onunla bir neçə dəfə danışıb və Azərbaycana gəlmək qərarında israrlı olduğunu bildirib. Hətta bir neçə gün öncə eks-spikerin oktyabrın 31-dən noyabrın 3-nə qədər Azərbaycana qayıdacağı barədə fikirlərin səsləndiyini deyən Sərdar Cəlaloğlu indi vəziyyətin xeyli dəyişdiyini və Rəsul Quliyevə qarşı yeni ittihamların səsləndirildiyini söyləyir.



Cənab Cəlaloğlu deyir ki, o, Rəsul Quliyevin Azərbaycana gəlməsilə bağlı məsuliyyəti tək öz üzərinə götürmək fikrində deyil. Elə bu baxımdan da sözügedən məsələ noyabrın 3-də ADP Ali Məclisinin fövqəladə iclasında müzakirə ediləcək. Son qərar da həmin toplantıda veriləcək.



Hazırda Londonda olan Rəsul Quliyev isə «Azadlıq» radiosuna verdiyi müsahibədə Azərbaycana gəlişilə bağlı bütün variantlar üzərində iş apardığını və bəzi beynəlxalq təşkilatların nümayəndələrilə görüşlər keçirdiyini bildirdi.



O, «noyabrın 3-nə qədər Azərbaycana gəlmək qərarında israrlısınızmı» sualına, «hazırda mən elə bu işlə məşğulam» - deyə cavab verdi.



ADP sədri, eks-spiker Rəsul Quliyev oktyabrın 17-də Bakıya qayıtmağa cəhd etsə də, onu gətirən təyyarə Ukraynanın Simferopol şəhərində «İnterpol»un yerli nümayəndəliyi tərəfindən saxlanmışdı.

Azərbaycan tərəfinin ekstradisiya tələblərinə baxmayaraq, Jeleznedorojnı Rayon Məhkəməsinin qərarı ilə o, sərbəst buraxılmışdı.



Rəsul Quliyev 1996-cı ildə Azərbaycanı tərk edib. O, xüsusilə küllü miqdarda dövlət əmlakını talamaqda təqsirləndirilir. Cənab Quliyevin Xətai rayonu 36 saylı seçki dairəsindən deputatlığa namizədliyi qeydiyyata alınsa da, namizəd kimi onun toxunulmazlıq hüququ ləğv edilib.



Ölkə hüquq-mühafizə orqanlarının rəhbərləri dəfələrlə eks-spiker Azərbaycana gələcəyi təqdirdə onun həbs olunacağını bəyan ediblər.
XS
SM
MD
LG