Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:48

Seçkilərdə barmaqlara mürəkkəb vurulacaq<p align=`left`><br><br>


Səs: Real audio
Prezident İlham Əliyev oktyabrın 25-də parlament seçkilərinin hazırlanması və keçirilməsilə bağlı təxirəsalınmaz tədbirlər haqqında sərəncam imzalayıb Sənəddə Milli Məclisə təklif edilir ki, xaricdən maliyyələşən QHT-lərin parlament və bələdiyyə seçkilərini müşahidə etməsinə qadağanın götürülməsi məsələsini müzakirə etsin. Mərkəzi Seçki Komissiyasına tövsiyə edilir ki, seçki günü seçicilərin barmaqlarının gözə görünməyən mürəkkəblə işarələnməsi qaydalarına dair təlimat hazırlasın, Daxili İşlər Nazirliyinə tapşırılır ki, siyasi partiyalara və bloklara, deputatlığa namizədlərə müəyyən olunmuş yerlərdə kütləvi tədbirlər keçirmək üçün zəruri şərait yaradılsın.



AXCP sədri Əli Kərimli sərəncamı Azərbaycan və beynəlxalq ictimaiyyətin demokratik seçki uğrunda mübarizəsinin nəticəsi sayır. Ancaq o, müxalifətin etiraz aksiyalarına lazımi şərait yaradılacağına elə də ümidli olmadığını deyir. Cənab Kərimli «Azadlıq» seçki blokunun Hacıqabulda keçirmək istədiyi mitinqə icazə verilməməsini misal çəkir.



ATƏT-in Bakı Ofisindən Ülvi Axundlu bir müddət əvvəl «Azadlıq» radiosuna demişdi ki, əgər mürəkkəblə bağlı qərar sentyabrın sonunadək verilsə, texniki baxımdan bu işi həyata keçirmək mümkün olacaq.



«İnam» Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi isə sənədin heç də seçkinin azad və ədalətli keçirilməsinə yönəlmədiyini deyir, sərəncamı daha çox siyasi qərar adlandırır. O, xaricdən maliyyələşən QHT-lərin seçkini lazımi səviyyədə müşahidə etməsinin indi praktik baxımdan mümkün olmadığını bildirir.



Cənab Qazi beynəlxalq təşkilatların uzun müddətdən bəri təkidlərinə baxmayaraq barmaqların işarələnməsi məsələsinin seçkiyə təxminən 10 gün qalmış həll edilməsini «qeyri-səmimi addım» adlandırır. O, seçkinin azad və ədalətli keçməsi üçün mühüm amil olan seçki komissiyalarının tərkibinin sərəncamda əksini tapmamasından təəssüflənir.



Seçki günü seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsi beynəlxalq təşkilatların- ATƏT-in, Avropa Şurasının Azərbaycan hökumətinə tövsiyələrindən biri idi. Ancaq rəsmilər belə bir addımın milli mentalitetə zidd olduğunu deyərək, onu rədd edirdi.



Oktyabrın 25-də prezident həmçinin parlament seçkiləri ilə bağlı müşavirə keçirib.
XS
SM
MD
LG