Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:27

Rahatlığı pozmaqla... sabitliyi qoruma


Səs: Real audio
Blok noyabrın 4-də mitinq-konsertə hazırlaşır "Mitinq keçirilməsi nəzərdə tutulan günlər polis şəhərin böyük bir hissəsini iflic vəziyyətə salır"



Oktyabrın 23-də Bakının küçələrində polisin asayişi qoruma tərzi əslində mitinqə dəxli olmayan əhalinin hüquqlarının pozulması ilə müşayiət olundu.



Həmin gün polis «Azadlıq» blokunun icazəsiz mitinqinin qarşısını almaq üçün paytaxtın mərkəzində – metronun "28 May" stansiyasına aparan bütün küçələri bağlamışdı. O istiqamətə gedən adamlar əraziyə buraxılmırdılar. Bu mənzərə bir neçə saat davam etdi. Polislər "28 May" metrosuna, dəmiryol vağzalı ətrafında hərəkət edən avtobuslara, hətta yaxınlıqdakı dükana girmək istəyənlərə də bu istiqamətə getməyin qadağan olduğunu bildirirdilər. Bu isə tez-tez küçələrin başında dəstə ilə dayanıb nə edəcəyini, hara gedəcəyini bilməyən adamlarla polis arasında narazılığın yaranmasına gətirib çıxarırdı.



Həmin ərazidə yaşayanların evlərinə gedə bilməməsi isə vəziyyəti daha da gərginləşdirirdi. Məsciddən gələnlər, oruc tutanlar nə qədər çalışsalar da, evə getmək üçün polisin razılığını ala bilmirdilər. Polislər onlardan bir küçədən o birinə keçmək üçün gah şəxsiyyət vəsiqəsi tələb edir, gah da ünvanını soruşurdular.



Əslində, yaranmış vəziyyətin polislərin də ürəyindən olmadığı hiss edilirdi. Onlar camaatı inandırmağa çalışırdılar ki, bir azdan qadağa götürüləcək. Söhbətləşdiyim polis əməkdaşlarının əksəriyyəti camaatın narazılığını anladıqlarını, ancaq əmrə tabe olduqlarını deyirdilər.



Daxili işlər nazirinin müavini Oruc Zalov isə oktyabrın 24-də bildirdi ki, bu cür tədbirlər əhalinin hüquqlarının qorunması, dövlət idarə orqanlarının işinin, nəqliyyatın intensiv hərəkətinin pozulmaması, tıxacların yaranmaması, böyük ticarət obyektlərinə zərər dəyməməsi üçün həyata keçirilir. Onun sözlərinə görə, əslində, polis yolların bağlanmasının tərəfdarı deyil. Bəzi ticarətçilər özləri bunu istəyirlər.



Amma oktyabrın 23-ü bazar günü olduğu üçün dövlət idarələrinin fəaliyyətinin əlbəttə ki, pozulma ehtimalı yox dərəcəsində idi. O ki qaldı ticarət obyektləri sahiblərinin məsələyə münasibətinə, onlar obyektləri könüllü bağlamadıqlarını, təhlükənin isə mitinqçilərdən yox, polisdən gəldiyini deyirdilər.



Bütün bunlara baxmayaraq, polis əməkdaşları arasında aldıqları tapşırığı mümkün qədər sakit şəkildə həyata keçirməyə çalışanlar, hətta şəhərə yaxşı bələd olmayanlara istədikləri yerə hansı marşrutla getməyi başa salanlar da az deyildi. Ancaq sərbəst hərəkətin məhdudlaşdırılmasından zərərçəkənlər arasında təhqir olunduğunu iddia edənlər, atasından ayrı düşən uşaq və hətta polisin günahı ucbatından Moskva qatarına gecikənlər də vardı.



Keçmiş polis rəisi, polis polkovnik-leytenantı Mahmud Hacıyev isə deyir ki, polisin həyata keçiriyi bu cür tədbirlər nə daxili təlimata, nə polis haqqında qanuna, nə də konstitusiyaya uyğun gəlmir. Onun sözlərinə görə, mitinq keçirilməsi nəzərdə tutulan günlər polis şəhərin böyük bir hissəsini iflic vəziyyətə salır.
XS
SM
MD
LG