Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:09

Səhiyyə naziri və Prezidentin işlər müdiri vəzifəsindən azad edildi


Səs: Real audio
İşdən çıxarılmanın səbəbləri göstərilmir Prezident İlham Əliyevin oktyabrın 20-də imzaladığı sərəncamla Əli İnsanov səhiyyə naziri vəzifəsindən azad edilib. Onun yerinə Oqtay Şirəliyev təyin olunub. Cənab Şirəliyev buna qədər Diaqnostika Mərkəzinin rəhbəri olub.



Ölkə başçısının imzaladığı digər sərəncamla isə Prezidentin işlər müdiri Akif Muradverdiyev də tutduğu vəzifədən kənarlaşdırılıb.



Hər iki sərəncamda işdən çıxarılmanın səbəbləri göstərilmir.



Bir neçə digər yüksək rütbəli məmurun da işdən azad edilməsi ilə bağlı məlumatlar yayılsa da, hələlik bu xəbərlər rəsmi mənbələr tərəfindən təsdiqlənmir. Müstəqil mənbələrdən alınan başqa bir məlumata görə, paytaxt Bakıda dövlət idarələrinin mühafizəsi gücləndirilib.



Baş verənlərə ekspertlərin münasibəti birmənalı deyil. Hətta bəzi ekspertlər hadisələrin hələ davam etdiyini əsas gətirərək məsələyə ehtiyatlı yanaşır və münasibət bildirməkdən çəkinirlər.



"Turan" agentliyinin eksperti Zəfər Quliyev hesab edir ki, bu, daha çox Qərblə Rusiya arasında mübarizədir. Cənab Quliyevin sözlərinə görə, nazirlərin həbsi və vəzifələrindən uzaqlaşdırılması seçkidən sonra inqilabi vəziyyətin qarşısını almağa yönəlib. Özü də bu mübarizəni hakimiyyətdə olan mühafizəkar qruplar aparırlar:



"Oktyabrın 17-də əslində, yeni kursun prezentasiyasi idi. Əvvəlcə bütün cəmiyyətə, Qərbə, müxalifətə və eyni zamanda hakimiyyətin özünə də güc nümayiş etdirildi. Bundan sonra dərhal təmizləmə əməliyyatı, profilaktik addımlar başlandı".



Ekspert hesab edir ki, təmizləmə əməliyyatı siyasi amillərlə bağlıdır. Müxalifətlə əlaqəli, Qərblə bağlı və gələcəkdə hakimiyyətə problem yarada biləcək nazirlər səhnədən uzaqlaşdırılır.



Zəfər Quliyevin qənaətinə görə, əgər hakimiyyət Rusiyaya meyilli kurs götürürsə, vəzifədən uzaqlaşdırılan məmurlar hələ çox olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG