Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:47

BMT məcburi köçkünləri yardımsız qoya bilər


Səs: Real audio
Pora fəallarının qərarın ədalətli olması tələbi ilə məhkəmə binasının qarşısında etiraz aksiyası keçirdikləri deyilir Qurumun ərzaq ehtiyatıyla bağlı problemləri var



BMT-nin Ümumdünya Ərzaq Proqramı [ÜƏP] donorlara müraciət edib. Onun Azərbaycanda donorları yerli hökumət, Birləşmiş Ştatlar, İsveç, Niderland, Yaponiya, Kanada, Danimarka, Norveç, İsveçrə və Lüksemburqdur. Əgər onlar vaxtında cavab verməsələr, onda noyabrın əvvəlindən məcburi köçkünlərə ərzaq yardımı dayandırıla bilər.



Təşkilatın Yaxın Şərq, Orta Asiya və Şərqi Avropa üzrə regional direktoru Əmir Abdulla deyir ki, yardımın sərt qış başlamamışdan, müqəddəs Ramazan ayında kəsilməsi əsasən müsəlman olan məcburi köçkünlər üçün ciddi zərbə ola bilər.



ÜƏP-in Azərbaycandakı nümayəndəsi Rəhman Çoudhuri: "Əgər indi yardım dayandırılsa, bu, məcburi köçkünlər üçün xeyli problem yaradacaq, xüsusilə də qadınlar və uşaqlar üçün. Onlar bu yardımı alanların 70 faizini təşkil edir".



Rəhman Çoudhuri deyir ki, təşkilatın ərzaq ehtiyatıyla hazırkı problemləri dünyanın bəzi yerlərindəki fövqəladə vəziyyətlə – Pakistanda zəlzələ, Darfurda, Nigeriyadakı böhranla bağlıdır.



Cənab Çoudhurinin sözlərinə görə, onlar ərzaq ehtiyatının çatışmazlığıyla bağlı müraciəti artıq Azərbaycan hökumətinə göndəriblər:



"Bizdə məlumat var ki, hökumət artıq bəzi məhsullar ayırıb və bizim onları paylamağımıza imkan yaradır. Ancaq bir şeyi deyim ki, alacağımız ərzaqla biz bu ilin sonunadək işləyə bilərik. Dekabrdan sonra işimizi davam etdirmək üçünsə bizim daha çox ərzağa ehtiyacımız var".



Bu ilin əvvəlində də ÜƏP məcburi köçkünlərə yardımın dayandırıla biləcəyi barədə xəbərdarlıq etmişdi. O vaxt Azərbaycan hökumətinin əlavə yardım ayırmasından sonra bu məsələ yoluna qoyuldu.



Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi mətbuat xidməti departamentinin direktoru Sənan Hüseynovsa bildirir ki, ÜƏP yardımı azaltdıqca, hökumət qaçqın və məcburi köçkünlərə bu yardımı kompensasiya edir. Onun sözlərinə görə, hökumət özü qaçqınlara yardımını əsirgəmir, beynəlxalq qurumların yardımı isə bu yöndə bir köməkdir.



Sənan Hüseynov deyir ki, beynəlxalq təşkilatlar Azərbaycanın iqtisadi cəhətdən inkişaf etdiyini deyərək ona yardımı getdikcə azaldır. Ancaq dövlət heç bir qaçqın və məcburi köçkünü yardımsız qoymur: "Nə verirlərsə verirlər, qalanını biz veririk".



Cənab Hüseynov bildirir ki, "Qaçqınkom" 146 min məcburi köçkünə yardım ayırır, hər ay adambaşına 5 kilo un, 1 kq şəkər tozu, 1 litr bitki yağı, 1 kq düyü verilir. Bu yardım Bakı və Sumqayıtdakı məcburi köçkünlərə deyil, yalnız rayonlarda kompakt şəkildə məskunlaşmış, ağır şəraitdə yaşayanlara ayrılır.



BMT-nin Ərzaq Proqramı Azərbaycanda 130 000 məcburi köçkünə ərzaq yardımı göstərir. Bu yardım hər ay ayrılır, adambaşına 6 kilo un, 450 qram şəkər tozu, 600 qram bitki yağı, 900 qram noxud və 150 qram yodlaşdırılmış duz verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG