Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:56

Ukrayna Rəsul Quliyevi verəcəkmi?


Səs: Real audio
Vurğun Əyyub: «Azadlıq» bloku yaxın günlərdə bu məsələni müzakirə etmək niyyətindədir» Hüquqşünas Erkin Qədirov: "Verə də bilər, verməyə də"



Daxili işlər naziri Ramil Usubov deyir ki, Rəsul Quliyev 40 gün ərzində Azərbaycana verilə bilər.



Keçmiş spikeri Simferopol hava limanında saxlayan Ukrayna hakimiyyəti isə Rəsul Quliyevə qarşı ittihamların nə qədər tutarlı olmasının sübutunu istəyir.



Rəsul Quliyevin rəhbərlik etdiyi Demokrat partiyası ekstradisiyanın mümkünlüyünü tamamilə rədd edir. ADP sədrinin müavini Sərdar Cəlaloğlu deyir ki, bunun üçün Rəsul Quliyevin Ukraynada məhkəməsi olmalıdır, Azərbaycan tərəfi tutarlı dəlil-sübut irəli sürməlidir, belə bir sübut isə yoxdur.



Ana Vətən partiyasından Zahid Oruc isə Rəsul Quliyevin siyasi mühacir statusunun onun Azərbaycana ekstradisiyasına mane olacağını deyir.



Xətai rayonunun keçmiş prokuroru Mahir Cavadov da Avstriyada siyasi sığınacaq aldığından, Azərbaycan hələ də onun həbsini həyata keçirə bilməyib.



Ancaq Zahid Orucun fikrincə, MDB məkanında mövcud konvensiyalara əsasən, Azərbaycan lazımi sübutlar göstərməklə Rəsul Quliyevi ala bilər. Belə olan halda Ukraynanın hazırkı siyasi xarakteri də ADP liderinin köməyinə çatmaz.



Müstəqil politoloq Zərdüşt Əlizadə isə bu fikirdədir ki, hakimiyyət heç də ADP sədrinin Azərbaycana gətirilməsində maraqlı deyil: "Çünki məhkəmə olsa, Rəsul Quliyev hökumətin bütün cinayətlərini açıb-tökəcək".



Hüquqşünas Erkin Qədirovsa deyir ki, Ukraynada olacaq məhkəmə Rəsul Quliyevin saxlanmasının nə dərəcədə qanuni olub-olmamasını yoxlayacaq. Bu yoxlama Ukrayna qanunvericiliyinə əsasən aparılacaq. Bundan sonra Azərbaycanın təqdim edəcəyi sənədlər əsasında Rəsul Quliyevə qarşı ittiham irəli sürülməli, daha sonra ekstradisiya üçün lazımi sənədlər çatdırılmalıdır. Amma Erkin Qədirov Ukraynanın Rəsul Quliyevi Azərbaycana verməməsinin də mümkün olduğunu deyir:



"Cinayət məsuliyyətinə cəlb olunmuş şəxsin işgəncələr və ya qeyri-insani rəftara qala biləcəyi haqda əsaslı şübhələr varsa, o zaman Ukrayna Avropa İnsan Haqları Konvensiyasının üzvü kimi ekstradisiyadan imtina da edə bilər... Hər halda, Ukraynanın Rəsul Quliyevi Azərbaycana vermək barəsində birmənalı və şərtsiz öhdəliyi yoxdur. Verə də bilər, verməyə də".



Bu arada ADP və hökumət rəsmiləri bir-birinə zidd bəyanatlar verirlər. Sonuncular Rəsul Quliyevin Bakıya gəlməkdən imtina etdiyini, ADP və digər müxalifət partiyaları isə Rəsul Quliyevi gətirən təyyarənin Bakı hava limanı üzərində bir neçə dövrə vurduğunu, bu təyyarəyə enmək üçün zolaq verilmədiyini deyir.



Rəsul Quliyevin Bakıya qayıdışının baş tutmaması, ADP liderini Bakıya gətirməli olan təyyarənin niyə Simferopolda yerə enməsiylə bağlı hələ tam təsdiqlənməyən üç müxtəlif məlumat dolaşır. Birincisi, guya Rəsul Quliyevin təyyarəsi Bakı aeroportuna buraxılmayıb, buna görə Simferopola gedib. İkincisi, təyyarə Simferopolda yanacaq doldurmaq məqsədilə yerə enib. Və nəhayət üçüncüsü, Rəsul Quliyevin təyyarəsinin Londondan birbaşa Simferopola uçduğu bildirilir.



Yerli və xarici qəzetlərin Rəsul Quliyevin Bakıya qayıtmaq cəhdiylə bağlı yazdıqları maraq doğurur. Yerli müxalifyönlü və bəzi xarici qəzetlər məsələn, "Nyu York Taymz", "Faynenşl Taymz", "İnterneşnl Herald Tribyun" yazır ki, Azərbaycan müxalifət liderinin ölkəyə qayıdışının qarşısı alındı. Yerli iqtidar qəzetləri isə əsasən daxili işlər naziri Ramil Usubov və "AzAL" Dövlət Konserninin prezidenti Cahangir Əsgərovun oktyabrın 17-də ADP sədri ilə bağlı dediklərini qabardıb.
XS
SM
MD
LG