Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:30

Prokurorluq və DİN rəsmiləri Simferopola gedib


Səs: Real audio
ABŞ-ın Ukraynadakı səfirliyinin mətbuat katibi Brient Bayers «Azadlıq» radiosuna deyib ki, Birləşmiş Ştatlar öz ərazisində siyasi sığınacaq almış Rəsul Quliyevin işilə maraqlanır Milli Məclisin keçmiş sədri, ADP rəhbəri Rəsul Quliyevin Azərbaycana ekstradisiyası ilə bağlı oktyabrın 18-də Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarından ibarət nümayəndə heyəti Ukraynaya yola düşüb.



DİN Mətbuat Xidmətinin rəhbəri Sadiq Gözəlovun sözlərinə görə, nümayəndə heyətinə Baş prokurorun birinci müavini Rüstəm Usubov rəhbərlik edir. Cənab Gözəlov eks-spikerin Azərbaycanın hüquq-mühafizə orqanlarına verilməsi barədə Ukrayna Baş prokurorluğu qarşısında vəsatət qaldırıldığını bildirir.



Müsavat Partiyası başqanının müavini Arif Hacılı isə deyir ki, «Azadlıq» bloku cənab Quliyevin işinin ciddi nəzarətə götürülməsi ilə bağlı Ukrayna dövlətinə müraciət ünvanlayıb. Müraciətdə ADP sədrinin siyasi motivlərlə təqib edildiyi diqqətə çatdırılıb.



ABŞ-ın Ukraynadakı səfirliyindən isə «Azadlıq» radiosuna bildiriblər ki, Birləşmiş Ştatlar öz ərazisində siyasi sığınacaq almış Rəsul Quliyevin işilə maraqlanır. Səfirliyin mətbuat katibi Brient Bayers deyib ki, Ukrayna bu məsələdə beynəlxalq öhdəliklərə və daxili qanunlara uyğun lazım bildiyi addımları atacaq.



ADP sədrini təyyarədə müşayiət edən Böyuk Britaniya ordusunun keçmiş polkovniki, hazırda müstəqil məsləhətçi olan Bob Stüart isə «Azadlıq» radiosuna müsahibəsində bildirib ki, oktyabrın 17-də Rəsul Quliyevin niyyəti Bakıya uçmaq olub: «Cənab Quliyevin niyyəti doğrudan da Bakıya uçmaq idi. Yolda yanacaq doldurmaq üçün Simferopolda dayanmalı idik. O, peyk vasitəsilə Bakıda adamların həbs olunduğunu və hava limanının bağlanması haqqında məlumatlar alırdı. Rəsul Quliyevin Bakı aeroportuna enməsi üçün razılıq ala bilməyəcəyi də bildirildi. Bu səbəbdən də Simferopola enəndə artıq məqsəd təyyarəni yanacaqla doldurub Londona qayıtmaq idi. Amma aeroportda cənab Quliyev polis tərəfindən saxlanıldı. Sonuncu dəfə onu həmin vaxt gördüm».



Cənab Stüartın sözlərinə görə, artıq təyyarə Rəsul Quliyevin bir ailə üzvü ilə birlikdə Londona qayıdıb. Onun başqa bir qohumu isə Simferopolda qalıb. «Belə hallar əvvəllər də baş verib, sonra Rəsul Quliyev azadlığa buraxılıb. Bu, bir presedentdir və məncə, Ukrayna da eyni cür addım atacaq» -deyə, keçmiş polkovnik bildirir.



Bu arada ADP funksionerlərindən olan Aydın Quliyev oktyabrın 17-də saxlanan müxalifət fəallarından bir qisminin buraxıldığını, digər qrup şəxslərin isə hələ də polis bölmələrində olduğunu söyləyib.



Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev isə müxalifətin saxlananlarla bağlı rəqəmləri şişirtdiyini bildirib.



Rəsul Quliyev Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.3.1, 179.3.2-ci (mənimsəmə və israfetmə yolu ilə külli miqdarda əmlakı talama), 313-cü (vəzifə saxtakarlığı) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri üzrə təqsirləndirilir. Bakı Şəhər Səbayel Rayon Məhkəməsinin 10 oktyabr 2000-ci il tarixli qərarı ilə onun barəsində həbs qəti imkan tədbiri seçilib. «İnterpol»un Ukrayna nümayəndəliyi 2005-ci il oktyabrın 17-də ADP sədrini Simferopol şəhərinin hava limanında saxlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG