Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:27
Rubrikalar

Post-Sovet məkanının ən bahalı filmi


Səs: Real audio
Vurğun Əyyub bəzi məqamlarda «Azadlıq»ın güzəştə getməyə hazır olduğunu deyir Bu "İz"də:



- "Seçkilər və mədəniyyət" mövzusunun izinə düşəcək;



- Post-Sovet məkanın ən bahalı filmindən xəbər tutacaq;



- «Mentalitet dolması»nı dadacaq...



- və hər dəfə tanınmış mədəniyyətşünas Rəhman Bədəlovun açıqlamalarını eşidəcəksiz.



POST-SOVET MƏKANININ ƏN BAHALI FİLMİ



Bu, ötən həfə Bakıda – "Şərq-Qərb" Kinofestivalında müsabiqədən kənar nümayiş etdirilən «Köçəri»dir.



Kinematoqrafçılar İttifaqının katibi Rasim Balayev: - Festival ənənəvi olaraq bir neçə ildir keçirilir. Daha doğrusu, 10 ildə 7 dəfə keçirmişik. Tamaşaçılar, həm də sənət adamları yeni işlərlə tanış oldular. Çox təəssüf ki, təşkiləti işlərlə məşğul olduğumdan, filmlərin çoxunu görə bilmədim. Amma Qazaxıstanın ABŞ-la bir yerdə çəkdiyi, dünya standartlarına uyğun «Köçəri» filmini gördüm.



- Rasim bəy, «Köçəri» filminin təcrübəsi Azərbaycan kino sənəti üçün hansı baxımdan önəmli və faydalı sayıla bilər?



- Baxanda görürsən ki, bu filmdən lori dildə desək, maliyyə tökülür. Bilirsən ki, bura maya qoyulub. Geyimlər, ordakı tryuklar, hətta səs effektinə qədər. Bu gün biz bunları edə bilmirik.



- Azərbaycanın «Köçəri»sini çoxmu gözləyəcəyik və Sizcə, bu işin sürətlənməsi kimdən asılıdır – tamaşaçılardan, sənətçilərdən, yoxsa mədəniyyəti yönəldənlərdən?



- Bizdə elə bir maliyyəli film olmayıb. Maliyyə ilk növbədə hökumət səviyyəsində olmalıdır. Sonrakı işlər artıq sənət adamlarından asılıdır. Təbii ki, burda da böyük problemlər var. Bunu gözəl yazmaq, çəkmək və ifa etmək lazımdır. Bu, artıq sonrakı işlərdir".



SEÇKİLƏR VƏ MƏDƏNİYYƏT



Bələdçimiz tanınmış kulturoloq-alim Rəhman Bədəlovdur.



- Professor, seçki mədəniyyətiylə bağlı hansı irsə, hansı təcrübəyə dayanmağımız qaçılmazdır? Başqa sözlə, evdəmi varımızdır, yoxsa qonşudan gətirməli, yaxud çox-çox uzaqlara göz dikməliyik?



Rəhman Bədəlov: - Sırf milli ənənəmizdə seçki ənənəsi bilavəsitə yoxdur. Buna təəccüblənmək də lazım deyil. Bugünkü mənada seçki heç bir xalqın milli ənənəsində yoxdur. Müəyyən dövrlər var ki, seçki çizgilərini tapmaq olar, amma sırf müasir mənada seçki son 200 ilin məhsuludur. Və seçkidə əsas seçmək yox, necə seçməkdir. Yəni prosedura personadan vacibdir... Bunun əksi "atalıq" kompleksidir. Yəni, rəhbərə ata kimi yanaşırsansa, o, pis cəmiyyətdir...



- Professor, demokratik seçkilər, heç şübhəsiz, açıq mədəniyyətlərin uğurudur. Azərbaycan mədəniyyəti öz köklərinə, mental çalarlarına və bugünkü durumu baxımından nə dərəcədə açıq mədəniyyətdir?



- Təəssüf ki, Azərbaycan cəmiyyəti heç də açıq cəmiyyət deyil. Hətta rüşeymləri də hələ ki, zəifdir. Yəni tam mənada qapalı cəmiyyətdir. Ona görə ki, siyasətdə bir çox məsələlər səhnə arxasında keçir. Biz bunu siyasət adlandırırıq, halbuki, belə deyil və belə ola bilməz. Siyasətçi və ya rəhbər olan adamın hətta şəxsi həyatı kütlə qarşısında açıq olmalıdır. Yəni sən buna hazır deyilsənsə, siyasətçi deyilsən...



- Rəhman müəllim, böyük Üzeyir Hacıbəyovun söylədiklərini zaman-zaman yada salırıq. Sizcə o, barmağa vurulan mürəkkəb məsələsinə bütövlükdə mədəniyyət, o sıradan davranış mədəniyyəti baxımından necə qiymət verərdi?



- Mən buna çox normal baxıram. Burada heç bir qəbaət, heç bir qorxu, milli düşüncəmizə, milli mentalitetimizə yad bir şey görmürəm... Üzeyir bəy bilsəydi ki, bu məsələ seçkinin tam şəffaf keçməsi üçün vacibdir, məncə, o razılıq verərdi…


XS
SM
MD
LG