Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:55

ATƏT müşahidəçiləri Seçki Məcəlləsinin pozulduğunu bildirirlər


Səs: Real audio
«Seçkiqabağı yürüş-mitinqlərin keçirilməsinə qoyulan qadağalar prezidentin 11 may tarixli sərəncamına ziddir» «Bəzi icra hakimiyyəti başçılarının müəyyən deputatlığa namizədlərin xeyrinə seçki kampaniyasına qoşulmasına dair ciddi sübutlar var. Bu da Seçki Məcəlləsinin və prezidentin 11 may tarixli «Seçki praktikasının təkmilləşdirilməsi haqqında» sərəncamının pozulması deməkdir».



ATƏT-in Azərbaycanda seçkiqabağı Müşahidə Missiyasının son hesabatında belə deyilir. Sənəddə bildirilir ki, televiziyada pulsuz efir vaxtı qanun çərçivəsində bölüşdürülüb, bundan dörd böyük partiya yararlanır: «Ancaq bu efir vaxtından əlavə, monitorinq edilmiş elektron media hazırkı prezidentin fəaliyyətini işıqlandıran materiallar verir».



Hesabata görə, bir çox seçki komissiyaları daxil olan şikayətlərə gec baxır, yaxud onları qanun çərçivəsində həll edə bilmir: «Adətən şikayətlər barədə qərar vermək əvəzinə, onlar baxılmaq üçün başqa orqanlara göndərilir. Mərkəzi və Dairə Seçki komissiyaları çox az halda şikayət edənin xeyrinə qərar verib. Belə şikayətləri adətən Yeni Azərbaycan Partiyasından olmayan namizədlər verir».



Sənəddə bildirilir ki, ölkədə seçkiqabağı yürüş-mitinqlərin keçirilməsinə qoyulan qadağalar yuxarıda göstərilən sərəncama ziddir.



Hesabatda bəyan edilir ki, Mərkəzi və Dairə Seçki komissiyaları texniki hazırlıqları yerinə yetirir: «Ancaq MSK-nın müxalifəti təmsil edən üzvləri onların qaldırdığı məsələlərə diqqət verilmədiyini deyirlər».



Sənəddə həmçinin sentyabrın 30-da Milli Teleradio Şurasının ANS ÇM radiosunun Şəki studiyasını bağlamasına da toxunulur.



Yeni Azərbaycan partiyasının icra katibinin müavini Mübariz Qurbanlı ATƏT-in Müşahidə Missiyasının hesabatını obyektiv saymır və orada yer alan məlumatların müxalifət nümayəndələrindən alındığını deyir. Mübariz Qurbanlı televiziyalarda həm pulsuz, həm də pullu efir vaxtından daha çox müxalifətin istifadə etdiyini deyir.



AXCP, Müsavat və ADP-ni birləşdirən "Azadlıq" blokunun Seçki Qərargahının rəhbəri Pənah Hüseyn isə hesabatın "yumşaq dil"də hazırlandığını düşünür.



ATƏT müşahidəçilərinin hesabatı sentyabrın 24-dən oktyabrın 7-dək olan dövrü əhatə edir. Missiya bundan əvvəl sentyabrın 5-dən 23-dək olan müddət üçün hesabat yaymışdı.
XS
SM
MD
LG