Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:04

AŞPA hökumətə mühüm bir imkan təklif edir


Səs: Real audio
"Müsbət dəyişikliklərə baxmayaraq bəzi mühüm məsələlər həll olunmamış qalır" Oktyabrın 13-də Avropa Şurası Parlament Assambleyasının [AŞPA] seçkiqabağı missiyası Azərbaycanda seçkilərə hazırlığın gedişatı ilə bağlı hesabatını açıqlayıb.



AŞPA missiyası belə hesab edir ki, 6 noyabr seçkiləri Azərbaycan hökumətinə Avropa Şurası standartlarına uyğun demokratik seçki keçirmək bacarığını və siyasi iradəsini nümayiş etdirmək imkanı verir. Bu imkan əldən verilməməlidir.



Seçkiqabağı missiya Azərbaycanda keçirilən əvvəlki seçkilərlə müqayisədə bu dəfəki seçkilərdə bir neçə müsbət inkişafın olduğunu müşahidə edib.



Bununla belə, bəzi mühüm məsələlər həll olunmamış qalır. Bütün səviyyələrdə seçki komissiyalarının tarazlaşdırılmış şəkildə formalaşdırılması, həmçinin iqtidarla müxalifət arasında dialoqun bərpası istiqamətində işlər lazımi səviyyədə yerinə yetirilməyib: "Seçki prosesinə etimadın yüksəldilməsi və seçkilərin demokratik keçirilməsini təmin edəcək bu imkan təəssüf ki, əldən verilib".



Bütün narahatlıqlara baxmayaraq, seçkiqabağı müşahidə missiyası əmindir ki, səhvləri düzəltmək və həqiqi mənada demokratik seçkilərin keçirilməsinə sadiq olduğunu göstərmək hökumət üçün hələ gec deyil. Bununla bağlı missiyanın konkret tövsiyələri də var:



- Beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanan, lakin yerli və regional səviyyədə Azərbaycan rəsmiləri tərəfindən məhəl qoyulmayan 11 may 2005-ci il tarixli prezident sərəncamı məhdudiyyətsiz icra edilməlidir;



- MSK gözləmədən seçicilərin barmaqlarının mürəkkəblə boyanması haqda qərar verməlidir;



- Dinc nümayişlərin keçirilməsinə qoyulan məhdudiyyətlər ləğv edilməli və polis qüvvələrinə ictimai asayişi qoruyanda ehtiyatla davranmaları tapşırılmalıdır. Polis tərəfindən müşayiət olunan zorakılıq halları qeyd olunmalı və günahkarlar məhkəməyə cəlb edilməlidir;



- Baş Prokurorluq seçki pozuntularına dair şikayətləri uzadılmadan araşdırmağa başlamalı və cinayətkarları ifşa etməlidir.



Hesabatın sonunda deyilir ki, Assambleya Azərbaycanın demokratik inkişafını dəstəkləyir. Bununla bağlı AŞPA parlament seçkilərini müşahidə etmək üçün özünün ən böyük missiyasını göndərəcək.
XS
SM
MD
LG