Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:02

Bakıda toqquşma


Səs: Real audio
Aksiya zamanı jurnalistlərin də xəsarət aldığı bildirilir Müsavat, AXCP və ADP partiyalarının birləşdiyi «Azadlıq» blokunun oktyabrın 9-da keçirdiyi icazəsiz aksiyası əvvəlkilərdən elə də fərqlənmədi. Yenə də şəhərin müxtəlif yerlərində müxalifətçilərin kiçik qruplarıyla polis arasında toqquşma oldu. Bu, bir növ itaətsizlik aksiyası idi. Əllərində «Azadlıq» blokunun simvolu olan qərənfillər tutmuş mitinqçilər «Azad seçki» şüarı səsləndirir, polis isə onları ərazidən uzaqlaşdırmağa çalışırdı.



Əvvəlki aksiyalardan fərq ondaydı ki, polis icazəsiz aksiyanı dağıdanda bu dəfə daha çox güc tətbiq etdi. Bir neçə aksiyaçı başından xəsarət aldı. Xəsarət alanlar Xalq Cəbhəsi patiyasının qərargahına aparılırdı. Qərargah qarşısında bir neçə təcili yardım maşını da vardı.



Bakı şəhər Baş Polis İdarəsinin məlumatında deyilir ki, icazəsiz aksiya keçirmək istəyən qruplar şəhərin müxtəlif yerlərində asayişi pozublar. Polisin verdiyi məlumata görə, qarşıdurma zamanı 11 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 28 mitinqçi saxlanılıb.



AXCP sədri Əli Kərimli isə keçirdiyi brifinqdə dedi ki, «Azadlıq» blokundan yüzlərlə adam həbs olunub. 52 nəfər yüngül, 27 nəfər isə ağır bədən xəsarətləri alıb.



Əli Kərimli etiraz aksiyalarının davam etdiriləcəyini dedi. Amma əlavə etdi ki, "Azadlıq" bloku bundan sonra da hökumət qüvvələri ilə konstruktiv dialoqa hazırdır.



Mətbuat Şurasından verilən məlumata görə isə, aksiya zamanı 10 nəfər jurnalist müxtəlif dərəcəli xəsarət alıb. "Ayna" qəzetinin əməkdaşı İdrak Abbasov daha çox polis təzyiqinə məruz qalıb. Bakı şəhər Baş Polis İdarəsinin rəis əvəzi Yaşar Əliyev isə bildirir ki, İdrak Əliyevin ürəkkeçməsi olub. "Ayna" qəzetinin müxbiri hazırda xəstəxanadadır, yaxınlarının verdiyi məlumata görə, polis baş verənlərlə bağlı ondan ifadə alır.



«Azadlıq» blokunun şəhərin mərkəzi meydanlarında mitinq keçirmək istəyinə Bakı şəhər İcra Hakimiyyəti «yox» cavabı verib. Meriya bildirib ki, mərkəzi küçələrdə çoxlu dövlət obyektləri var və həmin obyektlərə yaxın yerlərdə kütləvi aksiya keçirmək olmaz. Müxalifətə şəhərin mərkəzindən aralı yerlər təklif edib. Amma «Azadlıq» bloku bildirib ki, indiyəcən mitinq keçirdiyi keçmiş «Qələbə» kinoteatrı qarşısındakı meydan onun tərəfdarlarına darlıq edir və aksiyalarını mütləq şəhərin mərkəzində keçirəcəklər.
XS
SM
MD
LG