Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:00

Meriya bu dəfə də şəhər kənarını təklif edir


Səs: Real audio
AXCP sədrinin müavini Həsən Kərimov: «Təklif edilən beş ərazinin hamısı ucqarlarda olduğundan yenə də «28 May» meydanına üz tutacağıq» Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) «Azadlıq» seçki blokunun oktyabrın 9-na nəzərdə tutulan aksiyasına icazə verib. Məlumatı BŞİH-in Siyasi Təşkilatlarla İş üzrə Şöbəsinin müdiri Zaur Ramazanov verdi. Ancaq onun sözlərinə görə, razılıq məktubunda blokun şəhərin mərkəzində və mərkəzə yaxın ərazilərdə təklif etdiyi altı marşrutdan yenə heç biri münasib bilinməyib. Cənab Ramazanov deyir ki, «Azadlıq» bloku meriyanın təklif etdiyi beş ərazidən birində - Könüllü Hərbi Vətənpərvərlik Cəmiyyətinin meydançasında, keçmiş «Qələbə» kinoteatrının qarşısında, «Azərneftyağ» İstehsalat Birliyinin meydançasında, Heydər Əliyev adına Neft Emalı Zavodunun qarşısında və yaxud da «Ukrayna» meydanında öz aksiyasını keçirə bilər.



Bloka daxil olan AXCP sədrinin müavini Həsən Kərimov isə bildirir ki, şəhər rəhbərliyinin bu cavabı onların əvvəlki qərarını dəyişmir. Təklif edilən beş ərazinin hamısı şəhərin ucqarlarında olduğundan onlar yenə də «28 May» meydanına üz tutacaqlar.



Oktyabrın 6-da Kürdəmir və Sabirabadda səfərdə olan dövlət başçısı İlham Əliyev isə bildirib ki, bundan sonra da icazəsiz aksiyaların keçirilməsinə imkan verilməyəcək.



«Azadlıq» bloku sentyabrın 25-i və oktyabrın 1-də də marşrutla bağlı fikir ayrılığı olduğundan BŞİH-lə razılaşdırılmadan «28 May» meydanında icazəsiz aksiya keçirməyə cəhd göstərmişdi. İddialara görə, həmin hadisələr zamanı həm polisdən, həm də mitinq iştirakçılarından onlarla şəxs xəsarət almış, 100-dən çox müxalifət fəalı isə saxlanılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG