Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:06

Namizədlər döyülmə faktlarını təsdiq, MSK isə təkzib edir


Səs: Real audio
Buna Ramazan ayının başlamasının səbəb olduğu bildirilir "Döyülmə ilə bağlı iddiaların səslənməsi seçkinin rəqabət şəraitində getməsinin göstəricisidir"



Son vaxtlar deputatlığa namizədlərlə yanaşı, onların vəkilləri də döyülür. Əvvəlki seçkilərdə belə şeylər yox idi. Bununla bağlı hələ ki, Mərkəzi Seçki Komissiyası [MSK] hər hansı bir tədbir görməyib.



MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bunu onlara fiziki təzyiqlərlə bağlı heç bir şikayətin daxil olmamasıyla izah edir. O deyir ki, Seçki Məcəlləsinə son əlavələrdən sonra şikayətlər əsasən dairə seçki komissiyalarına göndərilir. Üstəlik, döyülmə hallarıyla bağlı bütünlükdə dairə komissiyalarına nə qədər şikayətlər edildiyi barədə də onlarda məlumat yoxdur.



33 saylı Xətai seçki dairəsindən deputatlığa namizəd Anar Allahverdiyev bu günlər vəkili Vüqar Eyvazovu xüsusi öyrədilmiş şəxslərin döyməsiylə bağlı mətbuata məlumatlar vermişdi. Anar Allahverdiyev də deyir ki, bununla bağlı MSK-ya yox, dairə seçki komissiyasına müraciət göndəriblər. Deputatlığa namizədin sözlərinə görə, dairə seçki komissiyasına şikayət etməyi onlara MSK-dan tövsiyə ediblər. Dairə komissiyasında isə hələ ki, araşdırma başa çatdırılmayıb.



«Azadlıq» bloku da namizədlərin müxtəlif üsullarla qorxudulmasından şikayət edir. Bu blokun seçki qərərgahının sədri Pənah Hüseyn deyir ki, artıq onlardan olan bir neçə namizədin hətta qərərgahı dağıdılıb. Pənah Hüseyn bildirir ki, belə özbaşınalıqların baş verməsində hakimiyyət orqanları maraqlıdırlar. Onun sözlərinə görə, bununla hakimiyyətin məqsədi sivil mübarizəni zor müstəvisinə keçirməkdir: "Çünki onlar azad və ədalətli seçkilərdə məğlub olacağını çox gözəl bilirlər".



Yeni Azərbaycan partiyası [YAP] icra katibinin müavini Bahar Muradova isə hesab edir ki, namizədlərin döyülməsi və ya onların müxtəlif üsullarla qorxudulmasıyla bağlı məsələlər şişirdilir. O deyir ki, hər halda, YAP-ın namizədlərinə qarşı belə özbaşınalıqlar baş verməyib. YAP təmsilçisinin sözlərinə görə, əksinə, sivil mübarizədə məğlubiyyətlərinin qaçılmaz oduğunu görən müxalifət və bir sıra müstəqil namizədlər ictimaiyyətə həqiqət olmayan məlumatları ötürməklə öz gələcək məğlubiyyətlərinə haqq qazandırmaq istəyirlər.



Namizədlərin və ya onların vəkillərinin döyülməsiylə bağlı iddialar əvvəlki parlament seçkilərinin təşviqat mərhələsində eşidilmirdi.



Seçki Texnologiyaları İnstitutunun rəhbəri Şirzad Məmmədli deyir ki, indi belə iddiaların səslənməsi bu seçkinin daha çox rəqabət şəraitində getməsinin göstəricisidir. Ancaq onun sözlərinə görə, Azərbaycanda hələ ki, sivil mübarizə üsulları tam oturaqlaşmadığından bir çox namizədlər bu rəqabətlə əyaqlaşa bilmirlər.



Şirzad Məmmədli deyir ki, namizədlərin müxtəlif üsullarla qorxudulmasıyla bağlı nə müxalifətin, nə də hakim partiyanın mövqeyini mütləq həqiqət kimi qəbul etmək düzgün olmazdı. Bununla belə, o hesab edir ki, dövlət başçısı və MSK iradə nümayiş etdirib belə halların kütləviləşməsinə yol verməməlidir. Şirzad Məmmədlinin sözlərinə görə, əks halda, seçkini azad və ədalətli şəkildə keçirmək mümkün olmayacaq.
XS
SM
MD
LG