Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:54

20 nəfər mitinq iştirakçısı azadlıqdan məhrum edilib


Səs: Real audio
Deputatlığa namizədlərin aclıq aksiyası isə davam edir Oktyabrın 1-də "Azadlıq" blokuna daxil olan partiyaların Bakı meriyası ilə razılaşdırılmamış mitinqi zamanı saxlanılan şəxslərdən 20 nəfəri 3 gündən 12 günə qədər azadlıqdan məhrum edilib.



"Azadlıq" bloku Mərkəzi Seçki Qərargahının baş katibi Fəhmin Hacıyevin "Azadlıq" radiosuna verdiyi məlumata görə, həmin şəxslər Qara şəhərdəki müvəqqəti cəzaçəkmə məntəqəsinə aparılıblar.



Fəhmin Hacıyev deyir ki, həbs edilənlər arasında deputatlığa namizədlər yoxdur. Onun sözlərinə görə, namizədlər aksiya zamanı saxlansalar da, bir müddət sonra sərbəst buraxılıblar.



Xalq Cəbhəsi partiyası mətbuat xidmətinin rəhbəri İsaq Əvəzoğlunun dediyinə görə, partiya sədrinin iki mühafizəçisi təşkilatçılıqda günahlandırılaraq mitinqdən bir gün qabaq həbs edilib. Onlardan biri 10, digərisə 12 gün həbs cəzasına məhkum edilib.



Bakı Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev isə mətbuata açıqlamasında 15 nəfər haqında həbs qərarı seçildiyini bildirib.



Demokrat partiyasının qərargahında aclıq aksiyası isə davam edir. Fəhmin Hacıyevin sözlərinə görə, "Azadlıq" blokunun vahid deputatlığa namizədlərinin səhhətində ümumi zəiflik müşahidə olunmaqdadır. Sentyabrın 30-da aclıq aksiyasına başlayanları oktyabrın 3-də blokun digər 6 deputatlığa namizədi əvəz edəcək.



Aclıq edən namizədlər seçkiqabağı vəziyyətin demokratikləşməsini və sərbəst toplaşma azadlığının təmin olunmasını tələb edirlər.
XS
SM
MD
LG