Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:52

Birinci cəhddən dördüncü nəticə


Səs: Real audio
«Azadlıq» bloku növbəti aksiyanı oktyabrın 1-ə təyin edib Mütəxəssislər ehtiyat oyunçuların olmamasından gileylənirlər



Avropa çempionatında ilk dəfə çıxış edən Azərbaycan voleybolçuları 4-cü yeri tutmaqla həm qitədə 4 ən güclü komandadan biri olduğunu, həm də növbəti Avropa çempionatına vəsiqəni rəsmiləşdirdi. 2007-ci ildə keçiriləcək Avropa çempionatında Azərbaycan komandası birbaşa final mərhələsində oynayacaq.



Voleybol azarkeşi Nahid Həsənov komandanın 4-cü yeri tutmasına sevinir, onu kədərləndirən isə ehtiyat oyunçuların olmamasından voleybolçuların çox yorulması olub.



Voleybol mütəxəssisləri də azərkeş kimi düşünürlər. Onlar Azərbaycan yığmasının qitə çempionatındakı çıxışı haqqında danışarkən öncə 4-cü yerin uğur olduğunu vurğulayırlar. Bununla belə, yarımfinal qarşılaşmasında dünya çempionu İtaliya millilərinə məğlubiyyət asan həzm olunsa da, üçüncü yer uğrunda Rusiya millilərinə eyni hesabla uduzmaqdan çox təəssüflənirlər. Çünki həm bu mövsümdə Azərbaycan komandası Rusiya yığmasını ayrı-ayrı beynəlxalq yarışlarda 3 dəfə məğlub etmişdi, həm də yarımfinala yüksələndən sonra Azərbaycan yığmasının medal qazanacağına ümid artmışdı. Keçmiş voleybolçu, mütəxəssis Eldar Qədəşov:



«Bütün oyunu 6 nəfər keçirir, yorulublar. Ehtiyat yoxdur. Görüşün yarısını keçirməyə voleybolçu yoxdur. İstirahət yox idi, nəticə belə olmalıydı. Həmin Rusiya komandası idi ki, yayda onlara qalib gəlmişdilər. İndi nə oldu, yorulmuşdular. Ancaq böyük uğurdur, 6 nəfərlə Avropada 4-cü olmaq çox yaxşı nəticədir».



İdman şərhçisi Kənan Həsənov isə hesab edir ki, Azərbaycan yığması üçün 4-cü yer maksimal hədd idi:



«Komandanın Avropa çempionatına vəsiqə qazanmağı nailiyyət idi. 1994-cü ildə Azərbaycan dünya çempionatında 9-cu yeri tutmuşdu. Ancaq yarımfinala qədər irəliləyib sonra iki oyunda məğlub olmaqsa, həyacan təbilidir. Bizim potensialımız və səviyyəmiz elitaya daxil olmaq üçün kifayət deyil».



Azərbaycan yığmasının baş məşqçisi Faiq Qarayev komandanın oyunçu sarıdan korluq çəkdiyini desə də, bütövlükdə nəticəni yaxşı sayır:



«Üç voleybolçu zədələnmişdi, bu 6 nəfər neçə aydır gərgin oyunlar keçirir. Mütəxəssislərlə razıyam ki, yeni voleybolçular lazımdır. Ancaq bu çox vaxt tələb edir. Gəncləri Çempionlar Liqasında yoxlayacağam. Ancaq sağ olsun qızlar ki, komanda yarımfinala qədər yüksələ bildi».



Azərbaycan yığması sentyabrın 27-də Bakıya qayıdır. Faiq Qarayevin sözlərinə görə, bundan sonra komanda 2006-cı ildə keçiriləcək Dünya Çempionatına hazırlaşacaq.
XS
SM
MD
LG