Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:26

Mitinqin başlatdığı dialoq...


Səs: Real audio
«Azadlıq» bloku növbəti aksiyanı oktyabrın 1-ə təyin edib «İqtidarla aparılan danışıqlardan elə bir əminlik duyulmur, ancaq hansısa müsbət nəticə də istisna deyil»



"Azadlıq" bloku deyir ki, Bakının mərkəzində mitinqə icazə verilməyincə, hər həftə etiraz nümayişinə çıxacaq.



İlk belə etiraz nümayişi bazar günü oldu. Müxalifətin icazəsiz mitinqə başlamağına 10-15 dəqiqə qalmış gözlənilmədən hakimiyyətdən danışıqlar təklifi gəldi. "Azadlıq" bloku buna razılaşsa da, nümayişçilərlə polis arasında toqquşma düşdü.



İqtidar özünün geri çəkilməsi fikri ilə razı deyil, müxalifət nümayəndələri isə danışıqlar gedən vaxt məsələni bu cür qoymağın tərəfdarı olmadıqlarını deyirlər.



Hakim YAP-dan Aydın Mirzəzadəyə görə, iqtidarın danışıqlara getməsi onun konstruktiv mövqeyindən, sabitliyin qorunmasında maraqlı olmasından xəbər verir.



Müsavat partiyasından Arif Hacılı bazar günü deyirdi ki, iqtidar onların qətiyyətini, şəhərin mərkəzində mitinq keçirmək əzmini görüb danışıqlara razılıq verib.



AXCP, ADP və Müsavatı birləşdirən "Azadlıq" blokunun seçki qərargahının rəhbəri Pənah Hüseyn isə bildirir ki, iqtidarla danışıqlar ərəfəsində məsələni iqtidarın geri çəkilməsi şəklində qoymaq düzgün deyil. Onun fikrincə, iqtidarda da müxtəlif xətt tərəfdarları var. Və müxalifətlə danışıqlara başlanmasının səbəbi də odur ki, sağlam düşüncə qalib gəlib.



Bazar günü başlanan danışıqlara Amerika səfiri Rino Harnişin vasitəçilik etməsi barədə ilk olaraq müxalifət nümayəndələri bəyanat veriblər.



AXCP sədri Əli Kərimli bildirib ki, Amerika səfiri ona zəng edib aksiyaları dinc formada keçirməyə çağırıb. O, həmçinin dövlət rəsmilərinə də zəng etdiyini deyib. Bazar günkü danışıqlarda səfirin özü iştirak etməyib, orda səfirliyin əməkdaşı olub.



Amerika səfirliyinin mətbuat katibi Sevinc Mirzəyeva "Azadlıq" radiosuna deyib ki, Amerika tərəfi həmişə siyasi partiyalar arasında dialoq tərəfdarı olub.



YAP-dan Aydın Mirzəzadə bir tərəfdən, Amerika səfirinə danışıqlara vasitəçilik etdiyinə görə minnətdar olduğunu deyir, digər tərəfdən, hansısa ölkənin Azərbaycandakı səfirinin ölkədaxili məsələlərdə vasitəçi rolu oynamasından təəssüfləndiyini bildirir. Aydın Mirzəzadəyə görə, iqtidar həmişə müxalifətlə danışıqlara hazır olub.



Müxalifət də heç də geri çəkilmədiyini, əksinə, öz məqsədinə nail olduğunu deyir. Pənah Hüseynə görə, "Azadlıq" bloku şəhərin mərkəzində mitinq keçirmək üçün müraciət etmişdi. Hökumət danışıqlara təşəbbüs göstərəndən sonra, yəni müxalifətin təklif etdiyi marşrutlar üzrə danışıqlara başlamağın mümkünlüyü ortaya çıxandan sonra blok mitinqə gələn vətəndaşları dağılışmağa çağırıb.



Pənah Hüseyn deyir ki, iqtidarla aparılan danışıqlardan elə bir əminlik duyulmur, ancaq hansısa müsbət nəticə də istisna deyil.



YAP-dan Aydın Mirzəzadə isə iqtidarla müxalifət arasında ümumi razılığın əldə olunmasının, müxalifətə mitinq üçün istədiyi yeri verməyin mümkün olduğunu deyir.



İqtidarla müxalifət arasında yürüş-mitinqin marşrutları üzrə danışıqlar hələ davam edəcək. AXCP lideri Əli Kərimli bazar günü keçirdiyi mətbuat konfransında bildirdi ki, bu danışıqların nəticələrindən asılı olmayaraq "Azadlıq" bloku növbəti yürüş-mitinqini də şəhərin mərkəzində keçirəcək.
XS
SM
MD
LG