Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:35

İqtidar-müxalifət danışıqlarında qarşıdurma ittihamları səsləndi


Səs: Real audio
«Azadlıq» bloku növbəti aksiyanı oktyabrın 1-ə təyin edib Mitinqlərin keçirilməsinə dair iqtidar-müxalifət müzakirələri nəticəsiz yekunlaşdı. Müxalifətçilərin istəyinə uyğun yerlərdə mitinqlərin keçirilməsini qeyri-mümkün sayan iqtidar nümayəndələri onlara yeni marşrutlar təklif etdilər.



Bu haqda görüşdən sonra Prezident Aparatı ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov məlumat verdi.



O deyir ki, müxalifət öz mitinqlərində 10 minlərlə adamın iştirak edəcəyini deyir. Amma təklif etdiyi meydanlarda bu qədər insanın yerləşməsi üçün imkan yoxdur.



"Əgər yürüş-mitinq keçirəcəklərsə, "Həzi Aslanov" metrosundan Ukrayna meydanına qədər, Nizami rayonunda olacaqsa, "Neftçilər" metrosundan başlayaraq "Azneftyağ" zavodunun qarşısındakı böyük meydanadək marşrutlar var".



Əli Həsənovun səsləndirdiyi təklif "Azadlıq" blokunun təmsilçilərinin ürəyincə olmadı. Və onlar zalı tərk etdilər.



"Siyasi opponentlərlə bu cür rəftar etməkdə onlar səhv etdilər. Və mən hesab edirəm ki, yaxın zamanlarda biz sərbəst toplaşma azadlığını bərpa edəcəyik. Və Bakı şəhər İcra Hakimiyyətinin sanksyası ilə göstərdiyimiz həmin marşrutlar üzrə yürüş və mitinqlərin keçirilməsinə nail olacağıq".



Bu, "Azadlıq" blokunun nümayəndəsi Arif Hacılının dedikləri idi. Cənab Hacılı iqtidarı seçki öncəsi və sonrakı proseslərdə müxalifəti qarşıdurmaya sürüklədiyini də dilə gətirdi. Prezident Aparatının şöbə müdiri Əli Həsənovsa bunun əksini deyir:



"Bunlar qaydasız oyuna getməyə hazırdırlar. Və istənilən halda da gedəcəklər. Müxalifət istənilən halda bu qarşıdurmanı hakimiyyətin günahı kimi təqdim edəcək və beynəlxalq aləmdə bununla bağlı geniş təbliğat aparacaq. Bu da Azərbaycanın imicinə mənfi kölgə salacaq".



ATƏT-in Bakı Ofisinin rəhbəri Maurisio Pavesi də bu görüşdə iştirak edirdi. O, danışıqların sentyabrın 29-da da davam etdiriləcəyinə və məsələnin müsbət həll olunacağına ümidvar olduğunu bildirdi. Cənab Pavesi ölkədə qarşıdurma yaratmamaq üçün ümumi razılığa gəlinməsinin vacib olduğunu söylədi.



«Azadlıq» bloku isə keçirəcəyi növbəti aksiyanı oktyabrın 1-ə təyin edib. Bu barədə məlumatı blokun Seçki Qərargahının rəhbəri Pənah Hüseyn verib.



Onun sözlərinə görə, artıq xəbərdarlıq məktubu Bakı şəhər İcra Hakimiyyətinə göndərilib. İcra hakimiyyətindənsə bildirdilər ki, hələlik məsələ müzakirə olunur.



Blokun Seçki Qərargahından verilən başqa bilr xəbərdə bildiridir ki, sentyabrın 25-də keçirilən yürüş-mitinqdə saxlanan 200 nəfər müxalifət fəalından 190-ı azadlığa buraxılıb, qalan 10 nəfərsə məhkəmənin qərarı ilə 7-10 gün müddətində azadlıqdan məhrum edilib.



Bakı şəhər Baş Polis İdarəsinin rəsmi məlumatına görə isə, aksiyada qanun pozuculuğuna yol verdyi üçün 42 nəfər saxlanılıb. 15-ə yaxın polis əməkdaşı isə hadisələrdə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG