Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:02

Müxalifət şəhərin mərkəzində israr edir


Səs: Real audio
Əsas problemlər seçici vəsiqələri və siyahılarla bağlıdır Hakimiyyət isə «Azadlıq» blokunun təkliflərini münasib saymır



«Azadlıq» bloku artıq kütləvi aksiyaları şəhərin mərkəzində keçirməkdə israr edir.



Bloka daxil olan Müsavat partiyası başqanının müavini Arif Hacılı deyir ki, aksiyalar şəhərin ucqarlarında keçirilərkən ora bütün seçiciləri cəlb etmək olmur. Seçicilərlə görüşün dairəsini genişləndirmək üçün onlar kütləvi aksiyaları paytaxtın mərkəzi meydanlarına keçirmək məcburiyyətindədirlər.



Arif Hacılı deyir ki, bununla bağlı artıq Bakı şəhər İcra Hakimiyyəti də məlumatlandırılıb. Xəbardarlıq məktubunda aksiyanın marşurutları kimi şəhərin mərkəzində və mərkəzə yaxın istiqamətlərdə 6 yerin adını çəkiblər.



Söhbət Azadlıq meydanı, Xalçaçılıq Müzeyinin qarşısı, Füzuli meydanı, Cəfər Cabbarlının heykəlinin qarşısı, Elmlər Akademiyası meydanı, yaxud da metronun "Nəriman Nərimanov" stansiyası qarşısındakı ərazidən gedir.



«Azadlıq» blokunun rəhbərliyində ümumi fikir belədir ki, bu dəfə aksiya keçmiş «Qələbə» meydanında yox, həmin mərkəzi meydanların birində keçirilməlidir.



Hakimiyyət tərəfi isə «Azadlıq» blokunun təkliflərini münasib saymır. Prezident Aparatı ictimai-siyasi şöbənin müdir müavini Nazim İsayev deyir ki, sözügedən meydanların heç birində aksiya keçirmək real deyil:



"Həmin adamlar başa düşmürlər ki, bununla əhalinin təhlükəsizliyinə, infrastrukturların fəaliyyətinə, nəqliyyatın gediş-gəlişinə narahatlıq yarada bilərlər".



Nazim İsayev deyir ki, şəhərin mərkəzi meydanlarında aksiyalar keçirmək qadağan deyil. Ancaq bu, piketlər və irimiqyaslı olmayan aksiyalar formasında gerçəkləşdirilə bilər. Əks halda, «Azadlıq» bloku öz istəyini gerçəkləşdirə bilməyəcək.



"Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov isə deyir ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun 7-ci maddəsində kütləvi aksiyalara yaradılan məhdudiyyətlər aydın şəkildə əksini tapıb. Onun sözlərinə görə, yalnız orada sadalanan məqsədlər çərçivəsində vətəndaşların sərbəst toplaşmaq azadlığı məhdudlaşdırıla bilər:



"İctimai və dövlət mənafeyinin qorunması, ictimai asayişin pozulmasının qarşısının alınması, əhalinin sağlamlığının mühafizəsi və ən nəhayyət, başqa adamların hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə".



Hafiz Həsənov deyir ki, həmin məhdudiyyətlər qanunda göstərildiyi kimi tutarlı arqumentlərlə əsaslandırılmalıdır. Əks halda, bu siyasi mülahizələrdən başqa bir şey olmayacaq.



O hesab edir ki, müxalifət bu məsələlərin aydınlaşdırılması üçün məhkəmələrə də baş vurmalıdır. Əgər Azərbaycan məhkəmələri sifarişli qararlar çıxarırsa, Avropa İnsan Hüquqları Məhkəməsinə də üz tutmaq olar.



Hafiz Həsənovun sözlərinə görə, müxalifət bu məsələylə bağlı artıq illərdir hakimiyyətlə mübahisələr edir. Bu illər ərzində onlar bütün yerli məhkəmə orqanlarından keçmək şərtilə Avropa İnsan Hüquqları Məhkəməsinə gedib çıxmayıblarsa, baş verənlərə görə məsuliyyəti həm də özləri daşımalıdırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG