Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:43

"Azərbaycanda savadsızlıq artır"


Səs: Real audio
Azad Müəllimlər Birliyinin sədri belə deyir BMT-nin təşəbbüsü ilə sentyabrın 8-i Beynəlxalq Savadlılıq günü kimi qeyd edilir. Dünyada isə hazırda 800 milyon savadsız insan yaşayır ki, onların da 2/3-ni qadınlar təşkil edir.



BMT-nin Azərbaycandakı ofisinin ictimai əlaqələr və informasiya şöbəsinin rəhbəri Fərqan Abbaszadənin sözlərinə görə, bu günü təşkil etməkdə əsas məqsəd məhz savadlılığın cəmiyyətin inkişafında rolunu nəzərə çatdırmaqdır.



- Beynəlxalq Savadlılıq günü imkan verir ki, biz savadın yoxsulluğun azaldılması, məşğulluq imkanlarının genişlənməsi, gender bərabərliyinin təmin edilməsində rolunu bir daha cəmiyyətimizdə müzakirə edək və onun davamlı inkişafda rolunu vurğulayaq.



Beynəlxalq Savadlılıq günü münasibətilə BMT-nin baş katibi Kofi Annan da sentyabrın 8-də müraciət yayıb. O, müraciətində dünyada savadlılığa kifayət qədər dəstək verilmədiyini və bunun nəticəsi kimi dünyada 100 milyondan çox yeniyetmənin məktəbdən yayındığını qeyd edib.



Azərbaycan Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə hazırda Azərbaycan əhalisinin 12.6%-nin ali təhsil aldığını və orta məktəbdən yayınma hallarının aşağı olduğunu deyir.



- Orta məktəbdən yayınma halları bizdə çox cüzidir. Nəzərə alsaq ki, bizdə 1 milyon 700 minə yaxın şagird təhsil alır, bunun çox cüzi bir faizi məktəbdən yayınanlara şamil edilir.



Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlünün sözlərinə görə isə, Azərbaycanda da savadsızlığın səviyyəsi getdikcə artır və artıq orta məktəblərdə dərsdən yayınma halları kütləvi hal alıb.



- İndi iqtisadi çətinliklə bağlı dərslərdən yayınma halları kütləvi şəkil alıb. Xüsusən də kənd yerlərində uşaqlar lap aşağı siniflərdən dərsdən yayınırlar və təsərrüfatda valideynlərinə kömək edirlər. Bu gün şagirdlər arasında savadsızlıq 10-15%-ə çatıb və bu rəqəm getdikcə artır. 6 il bundan əvvəl bu rəqəm 2% idi.



Məlahət Mürşüdlü Beynəlxalq Savadlılıq günü münasibətilə Azərbaycanda hər hansı bir tədbirin keçirilmədiyindən də təəssüfləndiyini deyir.
XS
SM
MD
LG