Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:41

ATƏT rəsmisi tövsiyələrin tam yerinə yetirilmədiyini xatırlatdı


Səs: Real audio
ATƏT-in Müşahidə Missiyasının rəhbəri təkrar səsvermənin qarşısını almaq üçün barmaqların işarələnməsinin vacibliyini söyləyir «İstər 2000-ci il parlament, istərsə də 2003-cü il prezident seçkisindən sonra ATƏT-in Müşahidə missiyalarının verdiyi əhəmiyyətli tövsiyələr tam yerinə yetirilməyib. Amma indi seçkinin keyfiyyət baxımından təkmilləşdirilməsi üçün irəli addım atmaq mümkündür və bunu etmək vacibdir».



Bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Müşahidə Missiyasının rəhbəri Geert - Henrix Arens sentyabrın 8-də keçirdiyi mətbuat konfransında dedi: «Yerinə yetirilməmiş tövsiyələr hesabatlarda öz əksini tapacaq. Amma bir addım irəli ataraq müşahidə edəcəyik ki, bizim tövsiyələrə əməl olunmadan da ədalətli seçki keçirmək mümkündürmü? Əlbəttə, mən peyğəmbər deyiləm. Amma hamının məsuliyyəti ondan ibarətdir ki, 2003-cü ildə baş verənlərin qarşısını almaq üçün əlimizdən gələni edək».



Cənab Arens seçki komissiyalarının tərkibinin qüsurlu olduğunu da vurğulayır. O, həmçinin təkrar səsvermənin qarşısını almaq üçün barmaqların işarələnməsinin vacibliyini də söylədi. «Məncə, bu üsuldan istifadə nəticəsində seçicilərin səsverməyə inamının artması barmağın mürəkkəbə bulaşması kimi narahatlıqdan qat-qat üstündür. Ona görə də bu narahatlığa dözmək mümkündür. Təki seçicilər seçkilər zamanı saxtakarlığa yol verilməməsindən əmin olsunlar»- deyə, o vurğulayır.



Geert Arensin rəhbərlik etdiyi missiyaya 18 ölkədən 43 seçki mütəxəssisi və uzunmüddətli müşahidəçi daxildir. Onlardan 11-i Bakıda, qalan 33 nəfərsə 16 bölgədə iki nəfərlik qrup şəklində fəaliyyət göstərəcək.



Seçki günü 500 nəfər qısamüddətli müşahidəçi isə yerlərdə məntəqələrin açılmasından, səslərin sayılmasınadək bütün mərhələlərin monitorinqini aparacaq.



ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Müşahidə Missiyasının rəhbəri Geert - Henrix Arens sentyabrın 5-dən Bakıdadır. O, indiyədək Albaniya və Ukraynadakı son prezident seçkiləri zamanı oxşar missiyanı həyata keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG