Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:13

Bu ildən məktəblərdə insan haqları tədris olunacaq


Səs: Real audio
Azərbaycan Səhiyyə Nazirliyinin yaydığı məlumatda belə deyilir. Bu dərs ilində həm fənnlərin tədrisində, həm də dərs cədvəlində bir sıra yeniliklər gözlənilir.



Məsələn, orta məktəb şagirdlərinə vergilər, yol hərəkəti qaydaları öyrədiləcək. Köçkün rayonlarının 4-cü və 6-cı sinif şagirdləri bu ildən mina təhlükəsinə dair maarifləndiriləcəklər, həmin məktəblərin 5-ci siniflərinə isə "Sülh mədəniyyəti və münaqişələrin həlli" adlı fənn keçiləcək.



Orta məktəblərin yuxarı siniflərində tədris olunan “İnsan və Cəmiyyət” fənni isə təkmilləşdirilib, indi şagirdlərə həmin fənn adıyla daha çox insan haqlarıyla bağlı bilgi veriləcək.



Bundan başqa, bu il orta məktəblərin birinci sinfindən ingilis dili dərsləri keçiriləcək. Rus dili dərsləri isə fakültativ məşğələ formasında saxlanıb.



Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü dərs proqramına yeni fənnlərin salınmasını alqışlayır, ancaq birinci sinifdən xarici dilin tədrisinin yolverilməz olduğunu deyir. Çünki onun fikrincə, uşaq yalnız öz dilini mükəmməl öyrənəndən sonra xarici dil öyrənməlidir.



Bu ildən həmçinin birnövbəli məktəblərdə beşgünlük dərs sisteminə keçilir. Prezidentin ötən il verdiyi fərmanla dərs ili sentyabrın 15-dən başlayır və ibtidai siniflərdə beşgünlük dərs sisteminə artıq keçilib.



Təhsil naziri Misir Mərdanovsa dərslərin beş gün olmasının xeyli problemlər yaratdığını və ikinövbəli məktəblərdə beşgünlük sistemə keçməyin sadəcə mümkün olmadığını deyir:



"Ümumiyyətlə, ikinövbəli məktəblərdə beş günə keçmək çox çətin və mümkün olmayan məsələdir. Mən hesab edirəm ki, keçməməliyik. [Bir növbəliyə keçmək üçün gərək], daha çox məktəb tikək".



Uzaq perspektivdə başqa bir plansa müəllimlərin sayının azaldılmasıyla bağlıdır. Təhsil sahəsində 400 minə yaxın adamın çalışdığını nəzərə alsaq, Azərbaycanda hər 10 şagirdə 1 müəllim düşür. Dünya Bankı bunu 1:12 nisbətinə çatdırılmasını istəyir, yəni, 12 şagirdə 1 müəllim. Bu isə müəllimlərin müxtəlif üsullarla ixtisara salınması deməkdir.
XS
SM
MD
LG