Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:12

Seçkinin birinci mərhələsi pozuntusuz ötüşdü


Səs: Real audio
ATƏT sədri «inanıram ki, təkmil olmayan məsələlər aradan qaldırılacaq» deyir Sentyabrın 7-də namizədlərin qeydiyyata alınma mərhələsi başa çatır. İstər hakimiyyət, istərsə də müxalifət düşərgəsində hesab edirlər ki, bu mərhələdə elə bir ciddi pozuntu baş verməyib.



Yeni Azərbaycan partiyası icra katibinin müavini Mübariz Qurbanlı deyir ki, təmsil olunduğu partiya rəsmi şəkildə 109 namizəd irəli sürüb, onlardan da 108 nəfər problemsiz qeydiyyata alınıb. Yerdə qalan bir nəfər isə namizədliyini öz şəxsi arzusu ilə geri götürüb:



"Xırda pozuntular istisna olunmaqla proses tam Seçki Məcəlləsinə uyğun şəkildə gedir".



Oxşar fikirləri Müsavat, ADP və AXCP-nin təmsil olunduğu «Azadlıq» blokunun üzvlərindən də eşitmək olar.



Xalq Cəbhəsi partiyası sədrinin müavini Həsən Kərimov da deyir ki, «Azadlıq» blokunun 118 namizədindən hamısı qeydiyyata alınıb:



"Ancaq bəzi bölgələrdə icra nümayəndələri şəxsiyyət vəsiqələrini toplamışdılar və bu, «Azadlıq» blokundan olan namizədlərə çətinlik yaradırdı. Bununla belə biz bu mərhələni müsbət qiymətləndiririk".



Qeydiyyatla bağlı Mərkəzi Seçki Komissiyasına indiyə kimi cəmi 3 şikayət ərizəsi daxil olub. Bu qurumun mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyir ki, həmin şəxslər də dini fəaliyyətlə məşğul olduqlarından onların şikayət ərizələri müsbət şəkildə təmin edilməyib:



"Bundan başqa, müəyyən qanun pozuntuları ilə də bağlı Mərkəzi Seçki Komissiyasına şikayətlər daxil olub. Həmin şikayət ərizələrinin bir neçəsində cinayət tərkibi olduğu ehtimal edildiyindən, araşdırılmaq üçün prokurorluğa göndərilib".



Azər Sarıyev deyir ki, sentyabrın 6-a olan məlumata görə, bütün ölkə üzrə 2062 vətəndaşın namizədliyi qeydiyyata alınıb. Onlardan 201 nəfər qadındır.



"Hüquq və İnkişaf" İctimai Birliyinin sədri Hafiz Həsənov isə deyir ki, ötən parlament seçkilərinə nisbətən indiki mərhələdə pozuntuların az aşkarlanması Avropa Şurasının tövsiyələri əsasında Seçki Məcəlləsində qeydiyyat qaydalarının sadələşdirilməsi ilə bağlıdır. Çünki, əvvəlki Seçki Məcəlləsində namizədin qeydiyyata alınması üçün 2 min imza tələb edilirdisə, indi bu, 450 imzaya endirilib. Bu da istər-istəməz seçki prosesinin demokratikliyinə xidmət edir.



Bununla belə Hafiz Həsənov hesab edir ki, qeydiyyat mərhələsində kütləvi pozuntuların baş verməməsi hələ bütünlükdə seçkilərin demokratik şəkildə keçiriləcəyinə əsaslı təminat ola bilməz. Onun sözlərinə görə, bu mərhələdə bitərəf və müxalifətçi namizədlərə problemlər yaradılmasa da, yerli icra orqanları birtərəfli qaydada hakim komandanın təmsilçilərinin xeyrinə fəaliyyət göstəriblər. Bunun özü qarşıdan gələn təşviqat mərhələsində bərabərliyin qorunacağına əsaslı şübhələr yaradır:



"Bələdiyyə seçkilərində də qeydiyyat mərhələsi demokratik keçirildi. Hətta MSK 700-ə yaxın şikayətə baxıb onları müsbət şəkildə təmin etdi. Bəs sonra nə oldu? Yenə total saxtakarlıqlar".



Həfiz Həsənovun sözlərinə görə, əsas məsələ bütün mərhələlərin demokratik keçirilməsidir. Əks halda, namizədlərin qeydiyyat mərhələsində demokratik prinsiplərin qorunması seçkinin tam azad və ədalətli şəkildə keçirilməsi üçün kifayət etməyəcək.
XS
SM
MD
LG