Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:42

Maaşlar artdıqca suallar da artır


Səs: Real audio
ATƏT sədri «inanıram ki, təkmil olmayan məsələlər aradan qaldırılacaq» deyir Prezidentin fərmanıyla aspirant və tələbələrin təqaüdləri 2.5, Yol Polisi və Çevik Polis Alayı əməkdaşlarının maaşı isə 6 dəfə artırılıb. İndi qəribə vəziyyət yaranıb: aspirantlar dərs deyən elmlər namizədlərindən çox maaş alır.



“Bu gözə girən uyğunsuzluqdur. Gözləyirik, görək nə olur... Yəqin, həll edərlər”.



Bunu fəlsəfə elmləri namizədi Müşfiq Şükürlü deyir.



İndiki artımda məntiqsizliyin olmasıyla razılaşan iqtisadçı-ekspert Rəsmiyyə Əşrəfova deyir ki, hazırda elmlər namizədinin dərəcə maaşı 150 min, elmlər doktorununki isə 250 min manatdır. Axırıncı artımdan sonra isə aspirantların təqaüdü elmlər doktorunun dərəcə maaşı ilə bərabərləşib.



Ekspertlər digər uyğunsuzluğu hüquq-mühafizə orqanlarındakı maaş artımında görürlər.



Maaşların 6 dəfə qaldırılmasını müsbət hal sayan sabiq polis rəisi, polkovnik-leytenant Mahmud Hacıyev digər tərəfdən hesab edir ki, belə artım daxili işlər orqanlarında çalışan, amma maaşı artmayan işçilər arasında narazılıq yarada bilər.



Mahmud Hacıyevin zənnincə, maaşlardakı artım sosial müdafiədən çox seçkiyə hesablanmış bir addımdır:



"Çünki, Çevik Polis Alayı son 7-8 ildə insanların konstitusiyayla qorunan hüquq və azadlıqlarını ən çox pozan qurumdur... Artıq istər ictimaiyyət, istərsə də kütləvi informasiya vasitələrinə Çevik Polis Alayının əmək haqqının niyə artırıldığı məlumdur".



1996-cı ildən indiyə qədər daxili işlər orqanlarında çalışanların rütbə və vəzifə maaşları 5 dəfə artırılıb. Son maaş artımından əvvəl isə Yol Polisində avtomobil parkının yeniləşdirilməsinə 20 milyard manat vəsait ayrılıb, “Wolksvagen”, “Mercedes” və “BMW” markalı 222 ədəd maşın alınıb.



Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə indiki maaş artımının seçkiyə heç bir aiddiyyəti olmadığını deyir. Onun sözlərinə görə, maaş artımı ötən ildən başlayıb və bu, daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair dövlət proqramı çərçivəsində həyata keçirilir.



Ehsan Zahidov deyir ki, ötən il bütövlükdə polisin maaşı 2-3 dəfə artırılıb və dövlət proqramına uyğun olaraq bu, 2008-ci ilə qədər davam edəcək.



İqtisadçı-ekspert Azər Mehtiyev isə ayrı-ayrı kateqoriyalar üzrə maaş artımında işlənmiş bir mexanizmin nəzərə çarpmadığı qənaətindədir. Dünya təcrübəsində maaş artımlarının adətən ilin əvvəlində, büdcə proqnozlaşdırılarkən həyata keçirildiyini deyən cənab Mehtiyev ilin sonuna yaxın belə maaş və təqaüd artımını daha çox siyasi addım sayır.



Bir zümrədə maaş artımının başqa bir zümrədə narazılıq yarada biləcəyi ilə bağlı deyilənlərə gəlincə, Azər Mehtiyev buna o qədər də inanmır. Onun sözlərinə görə, təhsil və tibb müəssisələrində də artıq yaxın vaxtlarda maaş artımının olacağı barədə fikir formalaşdırılır ki, bu da yarana biləcək narazılığın qarşısını almağa kömək edir.
XS
SM
MD
LG