Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:01

"Parlament seçkiləri KİV güzgüsündə"


Səs: Real audio
MTN Mətbuat Xidmətinin rəhbəri Arif Babayev: «Deyilənlər heç bir məntiqə sığmır» “Parlament seçkiləri kütləvi informasiya vasitələri güzgüsündə”. Nəcəf Nəcəfov Fondunun may-iyul aylarında keçirdiyi monitorinq belə adlanır.



Monitorinq zamanı 12 televiziya şirkəti, 5 radiostansiya və 11 gündəlik qəzet seçilib.



Konkret olaraq iyul ayını götürək. Məlum olub ki, iyulda radiostansiyalarda YAP-ın təbliği iki dəfə azalıb, iyunla müqayisədə müxalifətə qarşı neqativlik 3 dəfədən çox artıb. Neytral informasiyanın artımı isə cüzidir. İyulda siyasi partiya və bloklara həsr edilən televerilişlər iyunla müqayisədə xeyli azalıb. Amma YAP və ona yaxın təşkilatlar barədə verilişlər "Azadlıq" bloku haqqında verilişlərdən iki dəfə çox olub. Bundan başqa, "Azadlıq" bloku barədə bir dəfə də olsun müsbət informasiya verilməyib.



Nəcəf Nəcəfov Fondu apardığı monitorinq zamanı belə nəticəyə gəlib ki, parlament seçkiləri yaxınlaşdıqca "qara" piar – qarayaxma və dezinformasiya – yalan məlumat verməklə çaşdırma dalğası güclənir. Bu prosesin əsas hərəkətverici qüvvəsi televiziya şirkətləridir. Məhz onlar və ilk növbədə "Lider TV" mətbuat və cəmiyyəti qaydasız mübarizəyə təhrik edir.



Monitorinq nəticəsində KİV-in fəaliyyətində qanunun aliliyi və peşə etikasının təmin edilməsi üzrə bəzi təkliflər irəli sürülüb. Bu təkliflərdən üçü ölkə prezidentinə ünvanlanıb. Təklif olunur ki, prezident bütün KİV-ləri qanunvericilik aktlarına uyğun fəaliyyət göstərməyə çağırsın, Milli Teleradio Şurasına və Mətbuat Şurasına KİV-lərin monitorinqini aparmaq üçün müraciət etsin, monitorinqin icrasına əngəl olan bütün hüquqi və maddi-texniki maneələri aradan qaldırsın.



Prezident İlham Əliyev ötən həftə şimal bölgəsində səfərdə olanda deyib ki, mediada qarayaxma kampaniyasının dayandırılması ilə bağlı müraciətin ona ünvanlanması düzgün deyil. Prezident qeyd edib ki, belə müraciətlər fəaliyyəti narahatlıq doğuran mətbuat orqanlarının özünə göndərilməlidir. Prezident Əliyev hər hansı bir mətbuata təsir etmək niyyətində olmadığını bildirib və əlavə edib ki, bunu tərəflər özü dayandırmalıdır.



Nəhayət, Nəcəf Nəcəfov Fondunun irəli sürdüyü sonuncu təklif Teleradio və Mətbuat şuralarına aiddir. Belə ki, bu şuraların KİV-lərin monitorinqini aparması təklif olunur.



Amma Mətbuat Şurasının üzvü Mehman Əliyev bu qurumun monitorinq aparmaq üçün maddi imkanları olmadığını deyir.



Teleradio Şurasının analitik şöbəsinin rəisi Təvəkkül Dadaşovsa üzvü olduğu qurumun hüquqi bazasının zəif, qanunvericilikdə boşluqlar olduğunu bildirir.



“Parlament seçkiləri KİV güzgüsündə: monitorinq və müzakirələr” layihəsi 8 ay üçün nəzərdə tutulub. Təqdim olunan monitorinq may ayının 10-dan iyulun 31-ə kimi olan müddəti əhatə edir. Monitorinq gələn ilin yanvar ayınacan davam edəcək.
XS
SM
MD
LG