Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:29

Namizədlərin adları "klonlaşdırılır"


Səs: Real audio
MTN Mətbuat Xidmətinin rəhbəri Arif Babayev: «Deyilənlər heç bir məntiqə sığmır» Parlament seçkilərinin keçiriləcəyi gün yaxınlaşdıqca seçki kampaniyasında yeni və çaşdırıcı məqamlar ortaya çıxır. Hazırda belə məqamlar arasında əsas diqqət çəkəni bir dairədən eyni ada və soyada malik bir neçə adamın namizədliyinin irəli sürülməsidir.



15 saylı Yasamal seçki dairəsindən namizədliyini irəli sürmüş politoloq Eldar Namazov artıq belə bir halla rastlaşıb. Hazırda həmin dairədə onunla bərabər daha iki Eldar Namazov namizədliyini irəli sürüb. Politoloq bunun təsadüf olmadığını və onlarda belə bir addımın atılacağı barədə əvvəlcədən məlumat olduğunu deyir. O, eyni adlı rəqiblərin ortaya çıxmasını hakimiyyətin komplimenti kimi qəbul edir.



Amma cənab Namazov deyir ki, onun seçki qərargahı bu cür maneələri aradan qaldırmaq imkanına malikdir və yaxın vaxtlarda adekvat addımlar atılacaq. Politoloq seçki bülletenlərində təkcə namizədin adının və soyadının yox, eləcə də digər göstəricilərinin olmasının bu məsələdə az rol oynamadığını deyir.



Eldar Namazov düşünür ki, bu cür üsullar əksinə, mane olmaq məqsədi güdülən namizədin şansını daha da artırır və seçiciləri ona səs verməyə sövq edir.



12 saylı Binəqədi – Yasamal – Qaradağ seçki dairəsindən namizədliyini irəli sürmüş Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin rəhbəri Mehriban Vəzir də buna bənzər problemlə üzləşib. Həmin dairədən adı və atasının adı Mehriban xanımla eynilik təşkil edən daha bir xanım – Mehriban Əliqızı da öz nəmizədliyini irəli sürüb.



Mehriban Vəzirin sözlərinə görə, hakimiyyət hər seçki prosesində müxalifət düşürgəsinə qarşı müxtəlif texnologiyalardan, yeni üsullardan istifadə edir. Bu dəfəki üsul da Azərbaycan üçün yenidir. Əsas namizədə mane olmaq üçün eyni ada, soyada və ya ata adına malik namizədlər irəli sürülür. Bir vətəndaş kimi bundan narahatlıq keçirdiyini deyən Mehriban Vəzir Eldar Namazovdan fərqli olaraq, belə maneəni keçməyin əsas namizəd üçün asan olmayacağını bildirir.



YAP icra katibinin müavini, hazırda 100 saylı Şəmkir – Daşkəsən seçki dairəsindən namizədliyi irəli sürülmüş millət vəkili Mübariz Qurbanlı isə deyir ki, hakimiyyətin hansısa bir dairədə kimisə sıradan çıxarmaq istəyi və planı yoxdur.



Mübariz Qurbanlının sözlərinə görə, bu cür məsələlərdə hakimiyyəti ittiham edənlərin məqsədi gələcək məğlubiyyətlərini sığortalamaqdır. Yəni, belələri məğlub olanda deyəcəklər ki, həmin dairədə eyni adlı namizədlər iştirak etdikləri üçün seçicilər səhvən onlara səs verib.



YAP funksioneri deyir ki, hakimiyyət adının başqası ilə eyni olduğu üçün heç kimə namizədliyini irəli sürməyi qadağan edə bilməz.



Siyasi terminalogiyada "klon texnologiyası" adlanan bu üsulu əslində Azərbaycandakı seçkilər üçün sürpriz hesab etmək olar. O, ilk dəfədir ki, Azərbaycandakı seçki prosesində özünü büruzə verir.



Başqa ölkələrdə, əsasən də MDB məkanında isə artıq belə hallara rast gəlinib. Geniş yayılan texnologiya olmasa da, qonşu Rusiyadakı seçkilərdə də tətbiq edilib. Ancaq bunun o qədər də effekti olmayıb. Əksinə, bu variant bəzi hallarda əsas namizədin xeyirinə işləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG