Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:55

Fərhad Əliyevə qarşı ittihamların arxasında nə durur?


Səs: Real audio
Ona yeni siyasi məhus siyahısı təqdim olunub Seçki yaxınlaşdıqca ittihamlar da artır. Bu dəfə iqtisadi inkişaf naziri Fərhad Əliyevin ünvanına.



"Real Azərbaycan" qəzetinin redaktoru Eynulla Fətullayev deyir ki, Fərhad Əliyev "narıncı inqilabı" maliyyələşdirir, müxalifətə pul verir. Təxminən eyni fikirləri hökumətdə əvvəllər müxtəlif vəzifələr tutmuş şəxslər də səsləndirəndə, Fərhad Əliyev cavab verdi ki, "o, bəzi məmurlar kimi yığdığı var-dövləti xaricə ötürməklə məşğul deyil".



“Turan” informasiya agentliyinin eksperti Zəfər Quliyev deyir ki, əslində, mübarizə iqtisadi inkişaf naziri ilə Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov arasında gedir. Onun sözlərinə görə, artıq həmin mübarizə açıq müstəviyə keçib.



Ekspert bunu indiki hakimiyyətin zəifləməsi kimi qiymətləndirir. O xatırladır ki, belə mübarizələr Heydər Əliyev dövründə keçmiş Bakı meri Rəfael Allahverdiyevlə Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev və keçmiş baş prokuror Eldar Həsənovla onun müavini İsa Nəcəfov arasında da baş vermişdi. Amma indikindən fərqli olaraq, onda bütün məsələlər Heydər Əliyevin nəzarətindən kənara çıxmırdı. Və lazım gələndə o, həmin konfilikti dayandıra və tərəfləri cəzalandıra bilirdi.



Zəfər Quliyev deyir ki, bir tərəfdən, parlament seçkilərinin yaxınlaşması, digər tərəfdən də, hakimiyyətə beynəlxalq təzyiqlərin artması hakimiyyətdaxili ziddiyyətləri daha da aktuallaşdırır. Cənab Quliyev hesab edir ki, hər iki tərəf özünü İlham Əliyevə sədaqətli, islahatçı və demokrat kimi göstərməyə çalışır.



“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Orucluya görə isə, indiki iqtidarda bir neçə məmur var ki, onlar beynəlxalq aləmdə müəyyən qədər qəbul edilir. Bu da təbii ki, komandanın digər üzvləri arasında qısqanclıq yaradır.



Ərəstun Oruclu bütün bunları hakimiyyət daxilində gedən çoxtərəfli münaqişənin təzahürü sayır. Onun sözlərinə görə, hələ il yarım əvvəl gizli qruplaşmaların formalaşması prosesi gedirdisə, indi artıq açıq mübarizə mərhələsi başlayıb.



“Ayağı Azərbaycandan üzülən məmurlar” deyəndə Fərhad Əliyevin kimi nəzərdə tutmasına gəlincə, “Turan” agentliyinin eksperti Zəfər Quliyev deyir ki, hər iki tərəfin irəli sürdüyü ittihamların arxasında konkret faktların durub-durmaması barədə fikir söyləmək bir qədər çətindir. Bir o məlumdur ki, bu, hakimiyyət daxilində baş verən böhranla bağlı siqnaldır.



“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Orucluya görə, Fərhad Əliyev ad çəkməsə də, bu gün Azərbaycandan getməyə çalışan bir deyil, onlarla məmur var.



Mərkəz rəhbərinin fikrincə, Heydər Əliyevdən fərqli olaraq, İlham Əliyev məmurlararası mübarizəni dayandırmaq iqtidarında deyil. O biri tərəfdən isə, bunun qarşısını almaq da artıq gecdir.
XS
SM
MD
LG