Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:30

İndiki seçkilərin əvvəlkilərdən fərqi: hələlik iradlar azdır


Səs: Real audio
Ukraynanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili İqor Kezima Azərbaycan müxalifətinin ünvanına bir sıra ittihamlar söylədi Ötən parlament seçkilərindən fərqli olaraq indi imza toplama mərhələsində qanun pozuntuları ilə bağlı kütləvi etirazlar eşidilmir. Ekspertlər bunu birmənalı qarşılamırlar. Kimi buna ölkədə demokratiyanın inkişafı kimi baxır, kimi də bunu hakimiyyətin seçki taktikasını dəyişməsi ilə izah edir.



Seçki Texnologiyaları İnstitutunun rəhbəri Şirzad Məmmədli deyir ki, hakimiyyət köhnə Sovet texnologiyasından imtina edib. Çünki, onlar dərk edirlər ki, indiki gerçəkliklər, bu regiona böyük dövlətlərin diqqəti seçki prosesinə kobud müdaxilələrə imkan vermir. Odur ki, hakimiyyət taktikanı dəyişərək əsas müxalifət partiyalarını seçicilərin gözündən salmaq kampaniyasına başlayıb. Şirzad Məmmədlinin sözlərinə görə, Ruslan Bəşirli olaylarına da bu kampaniyanın tərkib hissəsi kimi baxmaq lazımdır.



Şirzad Məmmədli həmçinin hesab edir ki, hakimiyyət taktikanı dəyişməklə özünü beynəlxalq təzyiqlərdən də bir növ sığortalamağa çalışır. Ancaq Ruslan Bəşirli ilə bağlı kampaniya son dərəcə bəsit şəkildə hazırlandığından, bu, xarici ölkələrin Bakıdakı bir sıra səfirliklərinin də diqqətindən yayınmadı. Nəticə olaraq yenə də müəyyən tənqidi fikirlər eşidildi.



Şirzad Məmmədlinin fikrincə, hakimiyyət nə qədər ki, bu taktikasında uydurma iddialara əsaslanacaq, bu, ona nə ölkə daxilində, nə də ondan xaricdə elə bir uğur gətirməyəcək.



Politoloq Həsən Bayramoğlu isə deyir ki, imza toplama kampaniyasında pozuntuların baş verməməsi ilə Ruslan Bəşirli olayları arasında paralellər aparmaq düzgün olmazdı. Onun sözlərinə görə, müxalifət zəif yerlərini açıq qoymamalıdır. Əgər müxalifət çox ciddi səhvlərə yol verirsə, hakimiyyətin bundan bəhrələnməsi normal haldır. Həsən Bayramoğlu deyir ki, müxalifət baş verənlərə görə hakimiyyəti qınamaqdansa, daxili problemlərini həll etməlidir.



Onun qənaətincə, seçki prosesində pozuntuların baş verməməsini sadəcə olaraq təqdir etmək lazımdır.



Ancaq fərqli mülahizələr də eşidilməkdədir. «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin əməkdaşı Pərviz Əhmədov deyir ki, imzatoplama mərhələsində ciddi pozuntuların baş verməməsi hələ hakimiyyətdə seçkiləri saxtalaşdırmaq niyyətinin olmaması qənaətinə gəlməyə əsas vermir. Çünki, əsas mərhələlər qarşıdadır. İstər namizədlərin qeydə alınması, isətrsə də başqa mərhələlərdə pozuntular üzə çıxa bilər.



Pərviz Əhmədovun sözlərinə görə, məhz Avropa Şurasının tövsiyələri əsasında namizədin qeydə alınması üçün lazım olan imza 2 mindən 450-yə endirildi. 450 imzanı toplamaq isə - istər müdaxilə olsun, istərsə də olmasın – o qədər də çətin deyil. Pərviz Əhmədov hesab edir ki, seçki prosesinə yalnız əsas mərhələlərə qədəm qoyduqdan sonra real qiymət vermək olar.



Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, seçki sənədləri avqustun 28-nə kimi təqdim edilməlidir. Həmin gündən sentyabrın 7-nə kimi namizədlərin qeydiyyata alınması prosesi həyata keçiriləcək. Sentyabrın 7-dən səsverməyə bir gün qalana kimi - noyabrın 5-nə qədər isə təşviqat-təbliğat mərhələsidir.



Müxalifətdən olan namizədlər isə hələ ki, imzaların toplanması ilə məşğuldurlar. Bu düşərgədə ehtiyat edirlər ki, ciddi pozuntular namizədlərin qeydiyyata alınması və təbliğat mərhələsində üzə çıxa bilər. Ancaq qarşı tərəf də bəyan edir ki, seçkilər tam azad və ədalətli şəkildə keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG