Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:06

Yuşşenkonun səfəri Bakının xahişi ilə təxirə salınıb


Səs: Real audio
Ukraynanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili İqor Kezima Azərbaycan müxalifətinin ünvanına bir sıra ittihamlar söylədi Ukrayna prezidenti Viktor Yuşşenkonun Azərbaycana səfəri rəsmi Bakının xahişi ilə təxirə salınıb. Ukraynanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili İqor Kezima səfərin əvvəlcə iyula planlaşdırıldığını, sonrasa qeyri - müəyyən vaxta təxirə salındığını deyir: «Əgər Azərbaycan hökuməti cənab Yuşşenkonu seçkiqabağı dövrdə qəbul edə biləcəyi haqda məlumat versə, Ukrayna prezidenti Azərbaycana səfər edəcək».



O, V.Yuşşenkonun Azərbaycanın müxalifət liderlərilə görüşünü vacib saymır: «Amma əgər müxalifətçilər maraq göstərərlərsə, cənab Yuşşenko onlarla da görüşə bilər».



Müvəqqəti işlər vəkili Ukraynadan Azərbaycana inqilabın ixracının mümkün olmadığını və «Pora» kimi təşkilatların Bakıya səfərlərinin qeyri-rəsmi xarakter daşıdığını bildirir: «Düzünü desəm mən məsələnin mahiyyətini başa düşmürəm. Biz indi narıncı rəngi qadağan edəcəyik, ya da ki, təbliğatını aparacağıq? Bu, Azərbaycandakı siyasi vəziyyətin dəyişməsinə heç bir təsir göstərmir. Kimsə deyir ki, narıncı köynəkləri Ukraynadan Azərbaycana gətirirlər. Mətbuatdan oxuyuram ki, burada narıncı paltarları qadağan etməyə başlayıblar. Buna cavabım yalnız qədim Şərq atalar sözləri ilə ola bilər: Karvan gedir...»



O, Azərbaycan müxalifətinin ünvanına da bir sıra ittihamlar söylədi: «Cəmiyyətdə demokratikləşmə gedir, partiyalara münasibət dəyişir. Misal üçün müxalifət partiyaları beynəlxalq ictimaiyyətlə danışıq aparırlar. Bütün dünyanı gəzirlər. Amma bu o demək deyil ki, bir anın içində xalq onları qiymətləndirəcək. Belə bir məsələni də nəzərə alın ki, Ukrayna prezidentinə əhalinin əksəriyyəti ona görə səs verdi ki, onun necə işləmək bacarığını bilirdilər. İndiki Azərbaycan müxalifətini isə xalq tanıyır. Onlar bir müddət hakimiyyətdə olub, çətin anda ölkəni idarə edə bilməyənlərdi. Necə fikirləşirsiniz, kimsə ABŞ-dan gəlib sizə inqilab gətirəcək və sonra da gedəcək? Sonra da siz onların dedikləri ilə yaşamağa başlayassınız? Mən buna inanmıram, çünki heç keçmiş sovet dövründə də belə şeylər olmayıb. Yadımdadı keçən seçkilər müxalifət namizədləri xalqdan 4-6 faiz dəstək almışdılar. Sizcə, bu müddət ərzində nə isə dəyişib?»



Cənab Kezima Gürcüstan və Ukrayna prezidentlərinin Baltik, Qara və Xəzəryanı ölkələrin koalisiyasını yaratmaq təşəbbüsünə Azərbaycanın da qoşulmalı olduğunu deyir.



Onun verdiyi başqa bir məlumata görə isə iqtisadi əlaqələri inkişaf etdirmək üçün yaxın günlərdə Ukraynanın «Neftqaz» şirkəti Bakıya gələcək. Rəsmi Kiev Azərbaycanda neft yatağı ilə bağlı müqavilə imzalamaq, Bakı isə Qara dənizdə neft axtarışları aparmaq istəyini bildirib. Bu ilin sonlarında isə tərəflər Azərbaycandan Ukraynaya benzin və dizel yanacağı ixrac etmək razılığına gəliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG