Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:01

Hüquqi şəxslərin qeydiyyatı prosesi sürətləndirilib


Səs: Real audio
Sərdar Cəlaloğlu: «Cinayətkarı müxalifətdə yox, hakimiyyətdə axtarmaq lazımdır» Azərbaycanda qeyri-hökumət təşkilatını qeydə aldırmaq həmişə problem olub. Buna görə keçən həftə birdən-birə 8 siyasi partiya və az qala 50 QHT-nin qeydə alınması əlamətdar hadisədir. Bu, seçkiqabağı vəziyyətlə bağlıdır, yoxsa artıq problem həll olunub?



Həm Ədliyyə Nazirliyi, həm də Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Azay Quliyevin dediklərindən belə aydın olur ki, əvvəlki illərlə müqayisədə indi QHT-lərin qeydiyyata alınmasında elə bir problem yoxdur.



Azay Quliyev deyir ki, indi qeydiyyat üçün nazirliyə müraciət edən qeyri-hökumət təşkilatlarına 40 gün müddətində cavab verilməlidir. Əgər sənədlərdə hər hansı çatışmazlıq yoxdursa, onda müraciət edən qurum şəhadətnamə alır.



Müraciət edən təşkilata 40 gün müddətinə əsaslandırılmış rədd cavabı verilməzsə, onda həmin təşkilat 10 gün müddətində qeydiyyata alınmış hesab olunur və həmin müddətdən sonra Ədliyyə Nazirliyi sözügedən təşkilata şəhadətnamə verməyə borcludur.



Azay Quliyev uzun illər qeydiyyata alınmayan təşkilatların indi qeydə alınmasını ədliyyə sistemindəki islahatlarla əlaqələndirir.



Daha çox müxalifyönlü və müstəqil QHT-ləri özündə birləşdirən Qeyri- Hökumət Təşkilatları Konqresinin rəhbəri Əli Quliyevsə deyir ki, o, 8 partiya və 50 QHT-nin qeydiyyata alınmasını müsbət qarşılasa da, bunu demokratikləşmə prosesindən daha çox beynəlxalq təşkilatların təzyiqləri fonunda seçkiyə hesablanmış bir addım sayır.



Əli Quliyev deyir ki, qeydiyyat məsələsində daha çox hakimiyyətyönlü QHT-lərə üstünlük verilir və beynəlxalq təşkilatlar qarşısında çıxılmaz vəziyyətdə qalmamaq üçün siyahıya bir neçə müstəqil və müxalifyönlü QHT də əlavə edilir.



Partiyalara gəlincə, AXCP-nin "klassiklər" qanadı və "boz qurdlar" kimi tanınan Milli Demokrat partiyası qeydə alınmır.



Ədliyyə Nazirliyi Xalq Cəbhəsi partiyasının "klassiklər" qanadının qeydə alınmamasını eyniadlı partiyanın [AXCP-nin "islahatçılar" qanadının] artıq qeydiyyatdan keçməsi ilə əlaqələndirir. Nazirlik partiyanın adında və sənədlərində dəyişikliklər aparılmasını təklif edir. Hələlik adı çəkilən partiyanın bu təklifi nəzərə alıb-almayacağı bəlli deyil. Amma bir neçə ildir ki, "klassiklər" və "islahatçılar" məhz ad üzərində sərt mübarizə aparırlar.



Sabiq daxili işlər naziri İsgəndər Həmidovun rəhbərlik etdiyi Milli Demokrat partiyası isə qeydiyyatla bağlı indiyə qədər bir neçə etiraz aksiyası keçirib. Amma həmin partiyanın qeydə alınmamasının səbəbləri barədə Ədliyyə Nazirliyi heç nə demir.
XS
SM
MD
LG