Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:49

AXCP qərargahına hücumun qarşısı alındı<p align=`left`><br><br>


Səs: Real audio
ABŞ, Böyük Britaniya və Norveç Krallığının Azərbaycandakı səfirliklərinin əməkdaşları hadisə yerinə gəldilər Avqustun 10-da AXCP-nin mənzil-qərargahı qarşısında növbəti piket keçirməyə cəhd edildi. Bir qrup şəxs əllərində şüarlar qərargaha daxil olmaq istəsə də, Səbayel rayon Polis İdarəsinin əməkdaşları onların qarşısını kəsdi. Aksiyaçılar bir neçə dəfə polis kardonunu yarmağa cəhd etdi, ancaq buna nail ola bilmədilər. Aksiya iştirakçılarından bəziləri piketdə hansı məqsədlə iştirak etdikləri barədə suala cavab vermək istəmədi, digərləri isə YAP-ın gənclər təşkilatını təmsil etdiklərini söylədilər. Təxminən yarım saatdan sonra piketçilər dağılışdılar.



Aksiya zamanı AXCP fəallarından heç kim piketçilərin qarşısına çıxmadı. Bir gün əvvəl partiya sədri Əli Kərimli onlara qərargah qarşısında aksiyalar zamanı binadan çıxmamağı tapşırıb.



ABŞ, Böyük Britaniya və Norveç Krallığının Azərbaycandakı səfirliklərinin əməkdaşları da hadisə yerində idilər. Onlar AXCP lideri Əli Kərimli ilə görüşdülər. Cənab Kərimli keçirdiyi brifinqdə dedi ki, səfirlik nümayəndələri ATƏT-in AXCP-yə hücumları pisləyən bəyanatını dəstəkləyirlər. O, hakim partiya və Prezident Aparatı qarşısında etiraz aksiyaları keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət hazırladıqlarını da dedi.



Avqustun 9-da Daxili İşlər naziri Ramil Usubovla AXCP-dən olan millət vəkilləri Qulamhüseyn Əlibəyli və Cəmil Həsənlinin görüşündə partiya qarşısında icazəsiz aksiyaların keçirilməsinə yol verilməyəcəyi ilə bağlı ümumi razılıq əldə edilib.



Avqustun 10-u səhər AXCP-nin Lənkəran təşkilatının qarşısında da piket keçirilib. Təşkilatın sədri İltifat Rəhimzadə deyir ki, partiyanın qərargahına maddi ziyan dəyib. Xəsarət alansa olmayıb. Cənab Rəhimzadənin dediyinə görə, piketi Lənkəran rayon İcra Hakimiyyəti və Gənclər, İdman və Turizm Nazirliyinin yerli şöbəsi təşkil edib. İcra Hakimiyyətindən bu məsələyə münasibət bildirilməsə də, nazirliyin Lənkəran rayon şöbəsinin sədri Azad Kazımov deyir ki, nə piket keçirməyə vaxtı var, nə də onu keçirənlərlə hər hansı əlaqəsi.



AXCP-nin mərkəzi və rayon qərargahları qarşısında aksiyalar avqustun 6-dan keçirilir. Piketçilər AXCP sədri Əli Kərimlini və «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirlini ititham edən şüarlar səsləndirirlər.



Ruslan Bəşirli Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə dövlətin konstitusion quruluşunu dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunur.Baş Prokurorluq onun Tbilisidə erməni olduğu bildirilən şəxslərlə görüşməsi və onlardan pul almasını iddia edən video-kaset yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG