Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:26

AXCP qarşısındakı qarşıdurmada xəsarət alanlar oldu


Səs: Real audio
Onların arasında millət vəkili Nizami Quliyev də var Avqustun 8-də bir qrup şəxs əllərində «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli və AXCP sədri Əli Kərimlini ittiham edən şüarlar partiya qərargahı qarşısında icazəsiz piket keçirməyə cəhd etdi. Aksiyaçıların bir hissəsi baş verənlərdən hiddətləndiklərini bildirsələr də, kimə etiraz etdiklərini bilməyən və piketə könülsüz qatıldıqlarını deyənlər də vardı.



AXCP fəaları onların qarşısını kəsərək qərargaha yaxınlaşmasına imkan vermədilər. Rəşid Behbudov və Xəqani küçəsinin kəsişdiyi yerdə tərəflər əvvəlcə bir-birinin ünvanına qarşılıqlı ittihamlar səsləndirdilər.Daha sonra isə bir-birinə daş, plastik qab və yumurta atdılar. Nəticədə bir neçə nəfər yüngül xəsarət aldı. AXCP üzvü Əlövsət Əmirbəyli qarşı tərəfdən atılan daşın onun başına, millət vəkili Nizami Quliyev isə ayağına dəydiyini bildirir.



Piket başa çatdıqdan sonra brifinq keçirən AXCP sədri Əli Kərimli dedi ki, son zamanlar baş verənlər partiyanın seçki kampaniyasına maneə olmaq məqsədi daşıyır. O, əgər proses belə davam edərsə, analoji aksiyaları Prezident Aparatı, Milli Məclis və hakim partiyanın qərərgahı qarşısında keçirəcəklərini deyir.



Avqustun 6-da da AXCP qarşısında oxşar bir neçə aksiya keçirməyə cəhd edilib. Nəticədə tərəflər arasında toqquşma baş verib .



Avqustun 4-də Baş Prokurorluq AXCP-yə yaxınlığı ilə seçilən «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirlini şübhəli şəxs qismində saxlayıb.

Prokurorluğun yaydığı məlumatda bildirilir ki, iyulun 28-29-da «Yeni Fikir» təşkilatının üzvləri Ruslan Bəşirli və Osman Əlimuradov AXCP sədri Əli Kərimlinin tapşırığı ilə Tbilisiyə səfər etmiş və burada özlərini Gürcüstan demokratik qüvvələrinin nümayəndələri kimi təqdim edən Merabi Cibutiya və əslində, Ermənistan xüsusi xidmət orqanlarının işçiləri olan Georgi İspiryan və Vardan adlı şəxslərlə görüşmüşdür. R.Bəşirli onlardan pul alaraq məxfi işbirliyinə cəlb olunmuşdur.



R.Bəşirliyə qarşı Cinayət Məcəlləsinin 278-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusion quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) ilə cinayət işi başlanıb.



AXCP sədri Əli Kərimli isə insidentin Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən təşkil olunduğunu və əsl hədəfin rəhbərlik etdiyi partiya və özü olduğunu deyir.
XS
SM
MD
LG