Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:24

Bundan sonra şairlər "şer" yox, "şeir" yazacaqlar


Səs: Real audio
Onlar ömürlük həbs cəzasının dəyişdirilməsini tələb edirlər 30 ildən sonra Azərbaycanın yeni orfoqrafiya lüğəti çap olunub. Sonuncu belə lüğət 1975-ci ildə çap edilmişdi.



Yeni lüğətin müəlliflərindən biri, Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun professoru İsmayıl Məmmədov deyir ki, ümumilikdə, orfoqrafiya qaydaları sadələşdirilib, bəzi sözlərin yazılış qaydası deyiliş qaydalarına uyğunlaşdırılıb, məsələn, «yüngülvari» sözü. Bu sözün əvvəlki qaydalara görə yazılışı «yüngülvarı» idi.



Lüğət müəllifləri bəzi sözlərin və şəkilçilərin süni şəkildə Azərbaycan dilinin ahəng qanuna uyğunlaşdırılmasına qarşıdırlar. Bundan başqa, sözlərin və rəqəmlərin sətirdən-sətirə keçirilməsiylə bağlı bəzi qadağalar da ləğv edilib. Məsələn, əvvəllər 5-ci sözünü, ümumiyyətlə rəqəmləri sətirdən-sətirə keçirmək olmazdı, indi bu qaydalar götürülüb.



İsmayıl Məmmədov deyir ki, orfoqrafiya qaydalarının sadələşdirilməsini müasir həyat özü tələb edir. Məsələn, kompüterdə yığılan mətnlərdə sətirdən-sətirə keçirilmə qaydalarına nəzarət etmək çox çətindir, bu problem özünü daha çox kompüterdə yığılan böyük mətnlərdə, kitablarda, dissertasiyalarda biruzə verir. Çünki, kompüter sətirdən-sətirə keçirmək işini mətni yığanın istəyindən asılı olmayaraq, necə deyərlər, özü bildiyi kimi görür.



Vaxtilə Sovet ideoloqlarının çox işlənməsini istəmədikləri sözlər vardı. Məsələn, "türkçülük" sözü, qədim türk tayfalarının adları, eləcə də Azərbaycan xalqının soykökü ilə bağlı digər sözlər. Bu sözlər Sovet dövründəki orfoqrafiya lüğətlərinə salınmırdı. İndi bu qadağalar aradan qaldırılıb. Yeni nəşr olunan lüğətə salınan təzə sözlərin bir qismi də kompüter texnologiyaları, Internet, rabitə və s. bağlı sözlərdir. Başqa bir qism təzə sözlər elmin yeni sahələri ilə bağlıdır, məsələn, qorqudşünas, axundovşünas və s.



Mətbuat Şurasının dil komissiyasının sədri, professor Kamil Vəli Nərimanoğlu son orfoqrafiya lüğətində yazı qaydalarının sadələşdirilməsini alqışlayır. Amma onun fikrincə, bu, orfoqrafiya qaydalarına etinasız yanaşmağa əsas vermir.



Dilçi alim deyir ki, əksər qəzet və jurnallar orfoqrafik səhvlərlə doludur və onların sayı çox olduğu üçün bu prosesə nəzarət etmək olmur. Kamil Vəli Nərimanoğlu hesab edir ki, mətbuatda yazı qaydalarına əməl edilməsinə nəzarət üçün xüsusi dil qurumu yaradılmalıdır.



Və nəhayət, yeni orfoqrafiya qaydalarına görə, apostrof Azərbaycan əlifbasından çıxarılıb. Məsələn, «məna», «Rəna», «istedad» kimi sözlər bundan sonra apostrofsuz, bitişik yazılacaq. Yalnız "şer" sözündən çıxarılan apostrofun əvəzinə «i» hərfi əlavə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG