Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:03

Seçkiqabağı "qara piar" davam edir


Səs: Real audio
Vurğun Əyyub: « Bu görüş baş tutmayacaq» Müxalifət düşərgəsi "qara piar" adlandırdığı kampaniyanın bu düşərgənin liderlərinə təzyiq göstərmək, seçkiqabağı vəziyyəti gərginləşdirmək məqsədi güddüyünü deyir.



İqtidaryönlü media orqanları isə müxalifət liderləri barədə verdikləri informasiyaların "qara piar" deyil, faktlar olduğunu bildirir, eyni zamanda müxalifət mətbuatını uydurma məlumatlar yaymaqda ittiham edir.



Konkret bir neçə misal. İqtidaryönlü "Lider" televiziyasında AXCP sədri Əli Kərimlinin cinsi azlığa mənsub olmasını iddia edən süjetlər efirə gedir. "Azadlıq" qəzetində isə "Lider"in əməkdaşı Sahil Kərimlinin guya 15 yaşlı bir qızı zorlaması barədə silsilə yazılar yer alır. Hər iki KİV-də gedən materiallar jurnalistlərin peşə davranış qaydalarına və bu günlərdə imzalanmış seçkiqabağı davranış kodeksinə ziddir.



İyulun 25-də keçirdiyi mətbuat konfransında AXCP sədri Əli Kərimli "qara piar" kampaniyasının bir neçə məqsədi olduğunu deyib. Onun fikrincə, birinci məqsəd onun özünə qarşı təzyiq, mənəvi terrordur. Yəni, onu siyasi mübarizədən yayındırmaq istəyirlər. İkinci məqsəd digər siyasətçiləri mübarizə mövqeyindən daşındırmaqdır. AXCP sədri hökumətin "qara piar" aparmaqla hadisələri zor müstəvisinə çevirmək istədiyini də istisna etmir.



"Lider TV"nın "Səda" xəbərlər proqramının redaktoru Vüqar Bektaş isə deyir ki, onlar yalnız Rusiya, Türkiyə mənbələrində gedən məlumatlara istinadən xəbərlər verirlər.



Vüqar Bektaş iqtidarın seçkiqabağı hadisələri zor müstəvisinə keçirmək istəməsi barədə deyilənləri absurd adlandırır və hesab edir ki, müxalifət özü seçki vaxtı zorakılıq üçün indidən zəmin yaradır.



Müstəqil araşdırmaçı Rizvan Qənbərli isə Azərbaycanda "qara piar"ın bir növ dəbə mindiyini deyir. Çünki, demokratik, mütərəqqi piar texnologiyalarının tərəflərə qazanc gətirmək ehtimalı zəifdir.



"Siyasi aktyorlar müxtəlif neqativ piar metodlarından istifadə edərək rəqibləri qarşısında xal qazanmağa üstünlük verirlər. Bu, Azərbaycan üçün nıormal sayılmasa da, normal sayanlar da var".



İyulun 13-də bir neçə media orqanı "Seçki Kampaniyalarında Davranış Kodeksi" adlı sənədə imza atıblar. Həmin gün mətbuat vasitələri və hakimiyyət nümayəndələri arasında imzalanmış "Anlaşma Memorandumu"ndasa deyilir ki, KİV öz fəaliyyətində etik prinsiplərə riayət etməlidir, təhqirdən, şərəf və ləyaqəti alçaldan materiallardan çəkinməlidir.



Bu sənədləri bir neçə KİV, o cümlədən "Lider TV", "Azadlıq", "Yeni Müsavat" imzalamayıb.



Ötən prezident seçkisi qabağı da Mətbuat Şurası müxalifət və iqtidaryönlü KİV-ləri bir araya gətirmişdi, onlar qarşılıqlı hörmət barədə saziş imzalamışdılar. Ancaq az sonra bu saziş pozuldu.
XS
SM
MD
LG