Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:27

YAP dialoq üçün partiyaları qərargahına dəvət etdi


Səs: Real audio
Vurğun Əyyub: « Bu görüş baş tutmayacaq» Hakim Yeni Azərbaycan Partiyası (YAP) iyulun 29-da iqtidar və müxalifət dialoqunun davam etdirilməsi üçün partiyaları qərargahına dəvət edib.



YAP-dan yayılan məlumatda deyilir ki, bu məsələ ilə bağlı ATƏT-in Bakı Ofisinə də dəvət göndərilib.



Hakim partiyadan dialoqun üçüncü hissəsinin Müsavat Partiyası qərargahında keçirilməsinin nəzərdə tutulduğu deyilsə də, aradan iki aydan çox vaxt keçməsinə baxmayaraq onun təşkil olunmadığı bildirilir. Məlumatda deyilir ki, Müsavat rəhbərliyi dialoqla bağlı hələ də partiyalara rəsmi müraciət göndərməyib.



YAP dialoqun üçüncü raundunda «Siyasi partiyaların maliyyələşdirilməsində xarici faktor» mövzusunu müzakirəyə çıxarmağı təklif edir.



Müsavat Partiyası başqanının birinci müavini Vurğun Əyyub deyir ki, YAP-ın bu addımı görüşün baş tutmasının qarşısını almağa yönələn növbəti cəhddir: «İndiyə qədər görüşün baş tutmamasının səbəbkarı YAP- dır».



Cənab Əyyubun sözlərinə görə, üçüncü görüşdə «Seçkilərdə partiyalara bərabər şərait yaradılması» mövzusu müzakirə ediləcəkmiş. O, deyir ki, ilk iki görüşün mövzusunu təşkilatçılar özləri müəyyən etdikləri halda, üçüncü görüşdə YAP-ın başqa mövzu təklif etməsi və partiyalara dəvət göndərməsi siyasi etikadan kənardır. «YAP-ın iyulun 29-na planlaşdırdığı görüş baş tutmayacaq. Bu görüşün təşkilatçılığı Müsavatın üzərindədir və bu həftə məsləhətləşmələri yekunlaşdırıb digər siyasi qurumlara dəvət göndərəcəyik»- deyə, vurğulayır.



YAP İcra Katibinin müavini Mübariz Qurbanlı isə deyir ki, partiyalara dəvəti qarşı tərəfin bu işi yubatması ilə əlaqədar göndəriblər. O, artıq dialoqun gündəliyinin, yerinin və vaxtının müəyyənləşdirildiyini bildirir: «Gündəlik başqa məsələlərin əlavə edilməsi üçün açıqdır. Əgər partiyalar dəvəti qəbul etməsələr, onda buna uyğun hərəkət ediləcək».



İqtidar və müxalifət partiyaları arasında ilk görüş bu il mayın əvvəlində YAP qərargahında olub. İkinci görüş isə AXCP-də baş tutub. Qarşılıqlı razılığa əsasən üçüncü görüş Müsavat Partiyasında keçirilməli idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG