Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:16

Ekspertlər prezidenti generalların mübahisəsinə qarışmağa çağırırlar


Səs: Real audio
İlham Əliyev: «Ölkədəki sabitliyi pozmağa cəhd göstərənlərə layiqli cavab veriləcək» Daxili işlər naziri Ramil Usubovla Bakı şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyev arasındakı çəkişmələr haqda mətbuatda uzun müddətdir ki, məlumatlar verilir. Amma tərəflər son vaxtadək bu məsələyə münasibət bildirmirdi.



Buna ilk reaksiyanı “Femida-007” qəzetinə müsahibəsində polis general-leytenantı Məhərrəm Əliyev verdi. Onun dediyindən belə aydın olur ki, münaqişə daha çox polisin səlahiyyətlərinin məhdudlaşdırılmasıyla bağlıdır. O, həmin müsahibəsində DİN-də baş verən bir çox hadisələrdən məlumatlı olduğunu bildirir, hətta ona sui-qəsd hazırlandığı ehtimalını irəli sürür.



Daxili işlər naziri Ramil Usubov isə bildirib ki, o, vəziyyətin gərginləşməsinin tərəfdarı olmadığından Məhərrəm Əliyevin dediklərinə cavab vermək istəmir.



“Femida-007” qəzetinin baş redaktoru Əyyub Kərimov hesab edir ki, Məhərrəm Əliyevin nazirlikdə baş verən qanunsuzluqlar haqda məlumatlı olması nazir Ramil Usubovla münasibətləri gərginləşdirib.



"Müsahibədən belə çıxır ki, Bakı şəhər polisinin bir sıra səlahiyyətləri olduqca azaldılıb. Digər tərəfdən, şəhər polisi baş vermiş cinayətlərlə əlaqədar çox böyük məlumatlara malikdir. Bu, onlar arasında konflikti daha da şiddətləndirir".



Keçmiş polis rəisi Mahmud Hacıyev isə düşünür ki, nazirlə polis rəisi arasında açıq narazılıq həm şəxsi, həm də vəzifələri ilə bağlı ola bilər.



"Ola bilsin, şəxsi münasibətləri düz gəlməyib. Ya Məhərrəm müəllimin könlündən nazir olmaq keçib, ya nazir eşidib ki, Məhərrəm müəllimin nazir olmaq şansı var və ona görə də onunla münasibəti kəskinləşdirib".



Hər iki həmsöhbətimiz hesab edir ki, belə bir vəziyyətdən cinayətkar aləm məharətlə istifadə edə və ölkədə müxtəlif hadisələr törədə bilər.



“Femida-007” qəzetinin baş redaktoru Eyyub Kərimov deyir ki, yaranmış vəziyyətə həm ölkə prezidenti, həm də nazir Ramil Usubov öz münasibətini bildirməlidir.



Prezidentin problemə bəlkə də seçkiyə qədər münasibət bildirmək istəmədiyini güman edən Eyyub Kərimova görə, bu halda daha pis hadisələr baş verə bilər.



"Prezident bəlkə də hesab edir ki, seçkiyə qədər DİN kimi bir qurumun rəhbərliyini silkələmək olmaz. Çünki, Ramil Usubov vəzifədən getsə, tək o, getməyəcək".



Sabiq polis rəisi Mahmud Hacıyev də hesab edir ki, seçkiöncəsi iki general arasındakı mübarizənin qarşısı alınmasa, bu təhlükəli halların baş verməsinə gətirib çıxara bilər.



"İki quruma rəhbərlik edən general arasında müharibə gedirsə, bu mütləq qaydada cinayətkarlığın artmasına, cinayətkarlığa qarşı mübarizəyə mənfi təsir göstərir".

Günün bütün mövzuları

XS
SM
MD
LG